“Təzə bazar”da əti sümükdən ayıran qanunsuz sex aşkar edilib – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.
Xidmətdən 1news.az-a verilən məlumata görə, 6 yanvar 2017-ci il tarixində qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də reyd keçirilib.
Reyd zamanı “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Ətin sümükdən ayırlmasına sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvaların daxili orqanları aşkar edilib.
Aşkar olunan ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi 445 kq heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.
“Keçirilən reyd zamanı M.İbrahimova məxsus “Təzə bazar" MMC-də əti sümükdən ayıran sexdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul edilərək tədbirlər görüləcək”- deyə, DBNX-dən bildiriblər.
1news.az