Özcan ermənicə mahnı oxumasına aydınlıq gətirdi
Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz ermənicə "Kamança" mahnısını oxumasına aydınlıq gətirib.
1news.az musavat.com-a istinadən xəbər verir ki, erməni dilində mahnı oxuduğu üçün azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşüb:
“Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə "Mədəniyyət körpüləri" adlı konsertimiz var idi. Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal24-də yayımlanan "Kafa dengi" proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.
Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz. Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə acınızı bölüşürəm.
Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını ekranlaşdırmaq üçün çalışırıq. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar. Sizləri sevirəm, məkirli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun”.
Qeyd edək ki, proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsi birmənalı qarşılanmayıb. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər.
1news.az