UEFA oxucularının səsverməsi əsasında 2016-cı ilin komandası müəyyənləşib
UEFA oxucularının səsverməsi əsasında 2016-cı ilin komandası və rəmzi “11-lik” məlum olub.
1news.az Azərtac-a istinadən xəbər verir ki, 2016-cı ilin komandası İspaniyanın “Real Madrid” klubu seçilib.
Belə ki, “kral” klubu 24 faiz səs toplayıb. Bundan başqa “Barselona” (16%), “Mançester Yunayted” (6%), “Yuventus” (5%), “Arsenal” (4%) komandaları ilk beşlikdə qərarlaşıb.
İlin simvolik komandasında da ən çox İspaniyanın “Real Madrid” komandasının üzvləri təmsil olunub. Belə ki, azarkeşlərin ən çox dəstəklədiyi 4-3-3 taktikasında “kral” klubundan dörd, “Barselona”dan üç, “Yuventus”dan iki, “Atletiko Madrid” və “Bavariya”dan bir futbolçu yer alıb.
Fanatların səsverməsinə əsasən, “11-lik”də qapıçı Canluici Buffon (“Yuventus”), müdafiəçilər Serxio Ramos (“Real Madrid”), Cerard Pike (“Barselona”), Jerom Boatenq (“Bavariya”), Leonardo Bonuççi (“Yuventus”), yarımmüdafiəçilər Andres İnyesta (“Barselona”), Toni Kroos (“Real Madrid”), Luka Modriç (“Real Madrid”), hücumçular Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real Madrid”) və Antuan Qrizman (“Atletiko Madrid”) yer alıblar.
Futbolçuların seçimi zamanı isə qapıçılardan C.Buffon (50%), müdafiəçilərdən S.Ramos (75%), yarımmüdafiəçilərdən L.Modriç (59%), hücumçulardan K. Ronaldo (69%) istifadəçilərin ən çox etimadını qazanıb.
1news.az