Baş Prokurorluq: “ANS-in vəzifəli şəxsləri barədə cinayət işi açılmayıb”
“Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyinin barəsində Baş Prokurorluqda cinayət işi başlanmayıb”.
Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil:
“Şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə edilib.
Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Qeyd edək ki, mətbuatda ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açıldığı, şirkətin əməkdaşı Qənirə Ataşovanın xaricə gedərkən hava limanından geri qaytarıldığı və ölkədən çıxışına qadağa qoyulduğu barədə xəbərlər yayılıb.
1news.az