Tarixi saxtalaşdıran özbək “akademiki” Rustamjon Abdullayevə ETİRAZ
Biz Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk.
Özünü akademik adlandıran bu şəxs adı çəkilən məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" (rus dilində) adlı kitabını tənqid edərək, türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə etmişdir.
Şuxrat Salamovun qeyd etdiyimiz kitabında erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu, arxiv sənədləri əsasında 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırımı nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbəyin xüsusi amansızlıqla qətlə yetirildiyi, amansız işgəncələrə məruz qaldığı, kənd və şəhərlərin, dini tikililərin, tarixi abidələrin məhv edildiyi sübut edilmişdir. Ş.Salamov həmçinin 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçi təşkilatlarının izini də müəyyən etmişdir.
Ş.Salamov həmçinin Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən bir tədqiqatçıdır. Onun qələmə aldığı “Qarabağ: ideyalar müharibəsi” (rus dilində) adlı digər kitabı isə 2016-cı ildə Tbilisi şəhərində “Universal” nəşriyyatında çap edilmişdir.
Əvvəllər erməniləri tənqid edən özbək “akademik”i Rustamjon Abdullayev nədənsə birdən-birə mövqeyini dəyişərək, tarixi faktları kobudcasına saxtalaşdıraraq Azərbaycan və ümumtürk dünyasına qarşı dəhşətli soyqırımı həyata keçirən, XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarını müdafiə etmişdir. Onun tənqid etdiyi Ş.Salamovun əsərləri isə bir daha sübut edir ki, erməni cəlladlarının həyata keçirdiyi bu soyqırım cinayəti bütün türk xalqlarına qarşı yönəldilmiş məqsədyönlü siyasət idi, vahid bir mərkəzdən idarə edilən siyasət idi. Fərqanə hadisələrində ermənilər minlərlə insanı məhv edmişlər, daşnaksütyun partiyası azərbaycanda olduğu kimi Özbəkistanda da bu siyasəti həyata keçirmişdir.
Ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı sübut edən çoxsayda qiymətli sənədlər Azərbaycan Respublikasının arxivlərindən başqa dünyanın müxtəlif arxivlərində - Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya arxivlərindən qorunub saxlanılır. Bu gün AMEA Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxsaylı sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımı sübut edən kitablar çap edilmişdir. (Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, 2006; Genoside Against the historical names. Baku, 2006; V.Abışov. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər), Bakı, 2007; Historical facts of Armenians actions in Azerbaijan land. Baku, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; Исторические факты о деяниях армян на Азербайджанской земле. Баку, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, deportasiya, işğal. Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberniyası. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrəvan quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Bakı, 2010; İ.Məmmədov. Zəngibasar qətliamları (1905-1988). Bakı, 2012; Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи. Баку, 2013; Нифтелиев И.В. Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920). Баку, 2014; Nəcəfli G. 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2014; Gözəlova N.R. Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Bakı, 2014; Mustafa N. İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı, 2014; Abışov V.V. Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2014; Abışov V.V. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2014; Abışov V.V. Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2014; Мамедзаде Н. Геноцид Азербайджанцев в Карабахском регионе Азербайджана (1918-1920). Баку, 2014; İsmayılov K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920) Bakı, 2014; Nəcəfli G. 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” (ATASE-nin sənədləri əsasında). Bakı, 2015.)
Çoxsaylı sənədlər, təkzibedilməz faktlar əsasında yazılan bu kitablar birmənalı şəkildə sübut edir ki, 1914-1920 illərdə Şimali Azərbaycanın bir çox regionunda – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycan ərazisinin (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) Türk-müsəlman əhalisinə qarşı erməni millətçiləri tərəfindən soyqırımı törədilmişdir.
Biz müxtəlif arxivlərdən əldə etdiyimiz çoxsaylı sənədlər əsasında hazırladığımız bu kitabları özünü “akademik”, adlandıran cənab Rustamjon (Rüstəmcan) Abdullayevin nəzərinə çatdırmaq istəyirik. Ona görə ki, cənab akademik ermənilərin dinc, əliyalın əhaliyə qarşı həyata keçirdiyini bu qanlı cinayətlərlə tanış olsun. Bəlkə onda, real tarixin nədən ibarət olduğundan, tarixdə əsl soyqırımın kimlər tərəfindən həyata keçirldiyindən xəbərdar olar.
Adını akademik qoyub, soyqırım cəlladlarını müdafiə edən “akademik”in bu yazısı bizi çox narahat edir. Bu dəfələrlə erməni cəlladlarınının soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı təhqirdir. Biz buna öz kəskin etirazımızı bildiririk.
Güntəkin Nəcəfli
Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı