Gülmira Rzayeva: TAP vasitəsilə Rusiya qazının nəqli ilə bağlı problemlər olmayacaq
“Qazprom” İdarə Heyətinin sədr müavini Aleksey Medvedevin Rusiyanın “Qazprom” şirkətinin Transadriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəql etmək planları barədə bəyanatı böyük əhəmiyyət daşıyır.
Bu haqda 1news.az-a Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Energetik məsələlər üzrə aparıcı eksperti, Oksford İnstitutunun (İngiltərə) energetik tədqiqatlar üzrə eksperti Gülmira Rzayeva bildirib.
Onun sözlərinə görə, “Qazprom” daha əvvəl TAP qaz kəməri vasitəsilə Avropa bazarlarına qaz tədarükü ilə bağlı imkanlardan bəhs etməyib:
Qeyd edək ki, yanvarın 24-də Vyanada 10-cu Avropa Qaz Konfransı zamanı “Qazprom” İdarə Heyətinin sədr müavini Aleksey Medvedev "Qazprom" Avropaya qaz tədarükü üçün Poseidon və TAP boru kəmərlərindən istifadənin mümkünlüyü barədə müzakirələrin getdiyini bildirib.
“Türk axını” qaz kəmərindən danışan A.Medvedev qaz kəmərinin bir xətti ilə Rusiya qazı Qara dənizin dibi ilə Türkiyəyə, digər xətt vasitəsilə Avropaya nəql ediləcək. Hazırda isə Poseidon və ya TAP boru kəmərləri ilə qaz nəqli ilə bağlı imkanlar araşdırılır”, - Vyanadakı konfransda iştirak edən G.Rzayeva bildirib.
Onun sözlərinə görə, Rusiya qazının TAP vasitəsilə ixracının təşkili üçün texniki imkanlar yaradılacaq:
“İstər Trans-Anadolu (TANAP), istərsə də “Türk axını” qaz boru kəmərləru Türkiyə-Yunanıstan sərhədində “dayanır”. Əgər “Qazprom” TAP-ı seçərsə o zaman Rusiya qazının Yunanıstana, eləcə də digər Cənubi Avropa ölkələrinə nəqli mümkün olacaq”.
Həcmilə bağlı ekspert bildirib ki, TAP boru kəməri vasitəsilə ilkin olaraq il ərzində 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur:
“Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard artırıla bilər.
Öz qazını TAP vasitəsilə nəql etmək istəyən istənilən şirkət – istər “Qazprom” və ya digəri olsun Avropa qanunvericiliyinə uyğun olaraq üçüncü enerji paketinə əsasən bu kəmər vasitəsilə qazın nəqli üçün imkan yaradılacaq. Heç kəs bundan imtina edə bilməz. Belə ki, TAP – Avropa “borusudur”. Buna görə də, əgər “Qazprom” TAP vasitəsilə qazını nəql etmək istətyərsə, buna imkanlar yaradılacaq”
Xatırladaq ki, oktyabrın 10-da İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə dövlətlərarası saziş imzalanıb. Sənədə əsasən, ilk qaz xətti Türkiyə istifadəçiləri üçün nəzərdə tutulub. İkinci xətt isə Avropa bazarları üçün nəzərdə tutulsa da, bunun tikintisi Avropa İttifaqına lazımi zəmanətlərdən sonra baş tutacaq.
“Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.
“Sazış Qara dənizin dibi ilə iki magistral boru kəmərinin inşasını nəzərdə tutur. Hər iki xəttin inşası 2019-cu ilin dekabrında başa çataq”,- deyə “Qazprom” şirkətinin prezidenti Aleksey Miller bəyan edib.
Qeyd edək ki, TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 32 faizi icra olunub.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 37 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
Poseidon – ITGI qaz kəmərinin tikintisi layihəsi İoniya dənizinin altından keçməklə Yunanıstan və İtaliyanın qaz nəqliyyat sistemini birləşdirəcək.
1news.az