Bu qaydanı pozan piyadalar 100 manat cərimə olunacaqlar
Baş Dövlət Yol Polis İdarəsi qayda pozuntusuna görə piyadalar üçün nəzərdə tutulan 20 manat cərimə məbləğinin 100 manata qədər artırılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
1news.az azvision.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu məsələdə hər bir piyada üçün cərimənin artırılmasından söhbət getmədiyini deyib.
Qurum rəsmisi bildirib ki, cərimələrin artırılması beton və dəmir maneələrin aşılması ilə yolun hərəkət hissəsinə çıxan piyadalar üçün nəzərdə tutulub:
“Digər hallarda isə cərimə məbləği 20 manat olaraq qalır. Bunlar ayrı-ayrı qayda pozuntularıdır. Bir şəxs bilərəkdən beton və ya dəmir maneəni aşaraq yolun hərəkət hissəsinə çıxır. Məlum olduğu kimi həmin arakəsmələr nisbətən yüksək sürət olan yollarda tətbiq olunur. Belə maneələrlə təchiz olunmuş yolların hərəkət hissəsinə çıxması özünün və digər hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradır. Belə olduğundan həmin sanksiyanın cərimə məbləğinin artırılması barədə təklif olunub.
Təklif olunan layihə Milli Məclisə göndərilib və yaz sessiyasında müzakirə olunacaq. Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır”.
K.Əliyev qeyd edib ki, adıçəkilən cərimə artımı ilə bağlı müzakirələr olacaq:
“Son nəticədə hansı qərar qəbul olunacaqsa, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı bizim əməkdaşlar tərəfindən həmin cərimə sanksiyası tətbiq olunacaq”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, 2016-cı ilin statistik göstəricilərində piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edir:
“Bu da bizi çox narahat edir. Piyadaların mütəmadi keçirilən reydlərdə saxlanılaraq, məsuliyyətə cəlb edilməsi onların gələcəkdə törədəcəkləri xətalara təsir edəcək. Ona görə də, son vaxtlar yol polisinin piyadaları daha çox cərimələməsini normal qəbul edin. 2016-cı ildə təxminən 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib”.
Şöbə rəisi deyib ki, Bakıda günün pik saatlarında yol polislərinin avtomobilləri deyil, piyadaları idarə etdiyinin şahidi oluruq:
“Bu ən azından Azərbaycanda hələ də piyada mədəniyyətinin formalaşmamasından xəbər verir”.
Qeyd edək ki, 2016-cı ildə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması 20 faiz artıb.
1news.az