Nazirdən göstəriş: Kimsəsiz şəxslər xəstəxanalarda saxlanılacaqlar
Səhiyyə naziri tərəfindən kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq göstəriş verilib.
1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, hazırda müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.
Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.
Bu günlər havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə gündəlik olaraq görülən işin daha da gücləndirilməsi göstərişi verilib. Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.
Qeyd edək ki, keçən il ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilib.
1news.az