AzTV 61 yaşında
Fevralın 14-ü Azərbaycan Televiziyasının (AzTV) yarandığı gündür.
1news.az xəbər verir ki, ilk milli televiziyamız 1956-cı ildə fəaliyyətə başlayıb.
AzTV yarandığı vaxtdan ətrafına böyük tamaşaçı auditoriyası toplaya bilib, sanballı, cəlbedici verilişləri ilə insanların rəğbətini qazanıb. Televiziyanın tarixinə nəzər saldıqda onun bu illər ərzində keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar kino lenti kimi göz önündə canlanır.
Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Bina üçün şəhərin ən hündür məkanlarından birində yer seçilib. Sonradan bu ünvan Mehdi Hüseyn, 1 adlanıb. İnşaatçı və mütəxəssislərimizin rusiyalı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verilib.
İlk veriliş günü “mavi ekran”da gənc aktrisa Nəcibə Məlikova görünüb və ilk sözləri “Göstərir Bakı!” olub.
Nəcibə xanım tamaşaçıları milli televiziyamızın fəaliyyətə başlaması münasibətilə təbrik edib və bunun ardınca efirdə “Bəxtiyar” bədii filmi nümayiş olunub.
Televiziyada ilk diktorlar 1956-cı ilin mayında görünməyə başlayıblar. Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Rəna Nəsirova, Sima Xasıyeva, Nizami Məmmədov və başqaları “mavi ekran”da tamaşaçılarla ünsiyyət yaradıblar. Sonradan televiziyada yeni diktorlar nəsli meydana gəlib. Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov kimi istedadlı diktorlar yetişib.
1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.
1news.az