Aktauda Azərbaycan-Qazaxıstan dostluq parkı yaradılır – FOTO
Qazaxıstanın Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun dəstəyi ilə birgə aksiya keçirib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, aksiyada “Dostluq” milli-mədəni cəmiyyətinin müraciəti əsasında Aktau şəhər akimiyyəti (meriyası) tərəfindən Azərbaycan və Qazaxıstan dostluğunun simvolu kimi yaradılacaq park üçün ayrılmış ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib.
Aksiyada Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Aktau şəhərindəki baş konsulluğun rəhbəri Elxan Zeynalov, Manqistau vilayət akiminin (qubernatorunun) müavini Rahimbek Amirjanov, digər ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Yeni yaradılan parkda 200 kvadratmetrdən artıq ərazidə daş döşənib, mərkəzdə səkkizguşəli ulduz formasında daş kürə şəklində Azərbaycanın xəritəsi qoyulub.
Parkın ərazisində soydaşlarımız Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkiblər.
1news.az