Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr – Newtimes.az
Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev onun işində fəal iştirak edib. Konfransın Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr edilmiş panelində Azərbaycan Prezidentinə xüsusi diqqət göstərilib. Birinci söz İlham Əliyevə verilib.
Ölkə rəhbəri ona ayrılan vaxt çərçivəsində lakonik şəkildə regional əməkdaşlıq, təhlükəsizlik məsələləri, Azərbaycanın həmin istiqamətlərdəki fəaliyyəti ilə bağlı fikirlər ifadə edib. Bununla yanaşı, Cənubi Qafqaz üçün əsas təhlükə mənbəyi olan Ermənistanın təcavüzkar siyasətinin əsl simasını da tədbir iştirakçılarına bir daha çatdırıb. Bununla da konfrans iştirakçılarında Azərbaycanın geosiyasi fəaliyyətinin əhəmiyyəti barədə konkret təsəvvürlər formalaşıb. Həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac vardır.
Tarixi sınaq: Heydər Əliyev nümunəsi
Münxen təhlükəsizlik konfransı nüfuzlu tədbir kimi həmişə mütəxəssislərin böyük marağına səbəb olur. Orada dünya siyasətində yeri olan şəxslər nitq söyləyirlər. Proqram tərtib edilərkən təşkilatçıların daha vacib saydıqları siyasətçilərə üstünlük verilir. Təcrübə göstərir ki, qlobal təhlükəsizlik, enerji strategiyası, Avrasiyada təhlükəsizlik və əməkdaşlıq kimi aktual mövzulara həsr edilmiş panellərdə ilk söz Azərbaycan Prezidenti İlham Əliyevə verilir. İştirakçıların tərkibi konfransdan-konfransa adətən dəyişilir, lakin Azərbaycanın dövlət başçısı mütəmadi olaraq həm iştirak edir, həm məruzəçi olur, həm də daha çox suallar ona ünvanlanır. Moderatorlar da İlham Əliyevi xüsusi təqdim edir.
Bunların səbəbləri vardır. İlk növbədə Ulu öndər Heydər Əliyev Qərb siyasi dairələrində qətiyyətli, demokratik, sözünə bütöv, uzaqgörən, strateji düşüncəli və dəqiq praqmatik addımlar atan siyasətçi olduğunu fəaliyyəti ilə sübut etdi. Analitiklər üçün maraqlı olan bir həqiqət meydana çıxdı: Heydər Əliyev, ümumiyyətlə, Azərbaycana yüksək səviyyəli liderlərin davamlı rəhbərlik edə biləcəyi obrazını formalaşdırdı. Bu, tarixi-siyasi aspektdə mühüm məsələ idi. Çünki məhz liderin imici ölkə barədə təsəvvürlər yaradır.
Hələ Heydər Əliyevin prezidentliyi dövründə gənc və enerjili İlham Əliyevin həm də siyasət və diplomatiya sahələrində yüksək peşəkarlığına əmin oldular. İlham Əliyevin dünyanın tanınmış siyasi liderləri və işgüzar adamları ilə enerji məsələləri ilə bağlı apardığı danışıqlar bunu sübut etdi. O zamandan dünya bildi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin çox layiqli varisi yetişir.
İlham Əliyev prezidentliyi dönəmində bu həqiqəti öz fəaliyyəti ilə nəinki təsdiq etdi, hətta vəziyyətin dəyişməsinə adekvat reaksiya verib, səmərəli qərarlar qəbul edən lider olduğunu da nümayiş etdirdi. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi dinamikaya malik bir məkanda Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət və reallaşdırdığı proqramlar dünyaya göstərdi ki, İlham Əliyevlə hesablaşmaq lazımdır, onun fikirlərinə və mövqeyinə hörmətlə yanaşmaq gərəkdir. Cənubi Qafqazın başqa heç bir siyasətçisi bu dərəcədə etimad qazana bilmədi. Təcrübə bunu sübut edir.
Məsələn, Ermənistana başçılıq edən Serj Sarkisyan hansı beynəlxalq tədbirdə diqqət mərkəzində olub, yaxud maraqlı nitq söyləyib? Münxen konfransında ona hansı strateji xarakterli suallar verilib? Qlobal təhlükəsizliyin hansı problemi barədə fikrini öyrənməyə maraq göstəriblər? Bunların heç biri olmayıb. S.Sarkisyan ən yaxşı halda adi iştirakçı kimi oralarda görünüb və ya hansısa ermənipərəst dairənin təşkil etdiyi ikinci dərəcəli bir tədbirdə nəsə deyib.
Gürcüstan Prezidenti də təxminən eyni vəziyyətdədir. Bir sıra hallarda hətta həmin ölkənin Baş naziri Prezidentin harayasa səfərinə mane ola bilir. Hər nə olsa da, bir dövlətin başçısına qarşı belə hərəkət olursa, bu, nüfuz probleminin olması deməkdir. İlham Əliyev isə Amerikadan tutmuş uzaq Çinə qədər haraya dəvət edilirsə, maraqlı fikirlər söyləyir, onun beynəlxalq məsələlərə münasibətini öyrənir və əməkdaşlıq təklif edirlər.
Strateji balanslaşma doktrinası: Ulu öndərin layiqli davamçısı
Konkret faktlara baxaq. Azərbaycan Qərblə aktiv əlaqələrə malikdir. Prezident İlham Əliyev Avropa İttifaqı ilə strateji xarakterli əməkdaşlıq sənədi təklif edib və onu qəbul ediblər. İndi Brüssel Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün yeni sənəd hazırlayır. KİV-də verilən yazılardan da göründüyü kimi, həmin sənədin analoqu yoxdur. Bunun təşəbbüskarı məhz İlham Əliyevdir.
Azərbaycan Prezidentinin Çinə səfəri də yaddan çıxmayıb. Yüksək səviyyədə qarşılanan İlham Əliyev Çin rəhbəri ilə çox səmərəli müzakirələr aparıb və strateji xarakterli razılaşmalar əldə edib. Pekinin "Bir qurşaq, bir yol" qlobal əməkdaşlıq layihəsinin aktiv iştirakçısı olan Azərbaycan nəqliyyat sahəsində çox vacib punkt statusuna nail olub. İndi bu istiqamətdə konkret işlər həyata keçirilir.
Azərbaycan Prezidenti Rusiya, Türkiyə və İran kimi böyük dövlətlərlə yüksək səviyyədə əməkdaşlığa imkan verən formatların təşəbbüskarıdır. Rusiya-Azərbaycan-Türkiyə, Rusiya-İran-Azərbaycan, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatları uğurlu nəticələrini verməkdədir. Həmin bağlılıqda İlham Əliyevin təşəbbüsü ilə Bakıda Rusiya, İran və Azərbaycan Prezidentlərinin görüşünün baş tutması tarixi hadisə kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, bununla Azərbaycan dövlət kimi çox əhəmiyyətli uğur əldə edib.
Bir məqamı da vurğulamaq gərəkdir. İlham Əliyev regional və qlobal təhlükəsizliyin təmini üçün həmişə maraqlı təşəbbüslər irəli sürüb və konkret proqramlar həyata keçirib. Beynəlxalq terrora qarşı koalisiya tərkibində Azərbaycan ciddi təmsil olunub. Enerji təhlükəsizliyi məsələsi isə çox aktiv surətdə Bakının diqqət mərkəzində olub. Hazırda Qərbin, Rusiyanın və Çinin siyasi liderləri Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki xidmətlərini açıq etiraf edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" və sair layihələri Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Bu proses kəsintisiz olaraq davam edir.
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nəqliyyat təhlükəsizliyi sahəsində layiqli yerini tutması üçün də ciddi fəaliyyət göstərib. İndi ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas dayaq nöqtələrindən biridir.
Nəhayət, Prezident İlham Əliyev Azərbaycanı sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoqunun təşkil edildiyi vacib bir məkana çevirib. Bakı hazırda dünya miqyasında bu sahədə qəbul edilən şəhər olaraq tanınır. Azərbaycan rəhbərinin səyləri nəticəsində multikulturalizm nəinki Qafqazda, hətta bütün Avrasiyada perspektivli birgəyaşayış fəlsəfəsinə çevrilib. Azərbaycan dövlətinin başçısı ona yüksək səviyyədə siyasi məzmun verə bilib.
Yuxarıda vurğulanan məqamlar olduqca əhəmiyyətli və strateji məzmunlu bir faktı ayrıca vurğulamağa əsas verir. Prezident İlham Əliyevin siyasi uğurlarında Ulu öndər Heydər Əliyevin hazırladığı strateji balans doktrinası xüsusi yer tutur. Bu doktrina Azərbaycana müstəqil xarici siyasət yeritməyə və dünyanın böyük dövlətlərinin maraqlarını dövlətçiliyimizin xeyrinə uyğunlaşdırmağa imkan yaradıb.
Burada müxtəlif qüvvələrin maraqlarının siyasi tarazlaşdırılması mürəkkəb struktura malik proses kimi dərk edilməlidir. Həmin çərçivədə İlham Əliyev strateji balans doktrinasını yaradıcı surətdə inkişaf etdirir, meydana çıxan çağırışları nəzərə alaraq, yeni səviyyədə dinamik siyasi tarazlığı təmin edən addımlar atır. Burada əməkdaşlıq formatları, münaqişələrin həlli, terrorla mübarizə taktikası və enerji təhlükəsizliyi kimi elementlər xüsusi yer tutur.
Avrasiyada: əməkdaşlıq və təhlükəsizlik problemləri
Bütün bunlar Münxen təhlükəsizlik konfransında Avrasiyada əməkdaşlıq, problemlər və təhlükəsizliyə həsr edilmiş paneldə İlham Əliyevə böyük diqqətin səbəblərinin bir qismidir. Baxmayaraq ki, həmin tədbirdə Estoniyanın Prezidenti, Gürcüstanın Baş naziri, Qazaxıstan parlamentinin Sədri də iştirak edirdi, moderator əsas olaraq giriş nitqini İlham Əliyevin iştirakı üzərində qurdu.
Panel-müzakirənin aparıcısı, Avrasiya Qrupunun sədri və təsisçisi Yan Bremmer Avrasiya regionunun əhəmiyyəti və bu regionda gedən proseslər barədə məlumat verərək, həmin məkanda özünü göstərən geosiyasi tendensiyaların ziddiyyətləri və mürəkkəbliyi üzərində dayanıb. Moderator əsas suallardan birinin Avrasiyanın dünyanın gələcək geosiyasi mənzərəsində yerini və rolunu müəyyənləşdirməkdən ibarət olduğunu vurğulayıb. Burada risklər də var, maraqlar da toqquşur. Bunu Rusiya, Ukrayna, Çin, Özbəkistanla bağlı məsələlərdə hiss edirik.
Sözünə davam edərək Y.Bremmer belə bir fikir ifadə edib: "Nəhayət, siyasi baxımdan davamlılıq sualı var. Artan populizm, neftin qiymətinin aşağı olması, İŞİD, terrorçuluq, radikalizm və sair. Avrasiyada da siyasi davamlılıq sualları meydana gələcəkmi? Təhlükəsizlik, ticarət və siyasi mandat baxımından gələcək dünya nizamı ilə bağlı suallar Avrasiyada yaranır" (bax: Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib / AZƏRTAC, 20 fevral 2017).
Göründüyü kimi, kifayət qədər aktual və əhəmiyyətli problemlər ortaya qoyulub. Bu istiqamətdə müzakirələr üçün isə ilk söz Azərbaycan Prezidenti İlham Əliyevə verilib. Y.Bremmer deyib: "Avrasiyada fikir ayrılıqları ilə bağlı bəzi ilkin təşəbbüslər və bu qlobal kontekstdə regionun hansı istiqamətdə irəliləməsi perspektivləri ilə bağlı fikirləri söyləmək üçün, icazə verin, birinci olaraq sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verim" (bax: əvvəlki mənbəyə).
Deməli, aparıcı konkret olaraq iki məqamı xüsusi vurğulayıb. Əvvəla, Avrasiyada fikir ayrılıqları təhlükəli həddə çatıb, lakin inteqrasiyaya xidmət edə biləcək "ilkin təşəbbüslər" vardır və onlarda İlham Əliyevin xidmətləri böyükdür. İkincisi, qlobal kontekstdə Avrasiya regionunda geosiyasi proseslərin hansı istiqamətdə irəliləyə bilməsi ilə əlaqəli kompetent fikri də ilk olaraq İlham Əliyev deməlidir. Çünki onun nəzəri hazırlığı və praktiki təcrübəsi buna imkan verir. Bununla da paneldəki müzakirələrin çərçivəsini Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlər müəyyənləşdirmiş olur.
Dövlət başçısı ilk olaraq Azərbaycanın coğrafi mövqeyinin geosiyasi əhəmiyyətini vurğulayıb. Ölkə Asiya ilə Avropanın arasında yerləşib və bu da onun geosiyasi statusunu müəyyənləşdirir. Prezident bunun iki aspektini xüsusi diqqətə çatdırıb. Birincisi, Azərbaycan sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu multikultural dəyərlərə üstünlük verib. Deməli, tarixən Azərbaycan geosiyasi mənzərədə birləşdirici funksiya yerinə yetirib. Bu, həmişə belə olub və indi "dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq" (bax: əvvəlki mənbəyə).
İkincisi, "coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi" (bax: əvvəlki mənbəyə). Dövlət başçısı vurğulayır ki, Azərbaycan yalnız tarixi ənənəsi ilə kifayətlənmir, hazırda real siyasətdə elə mərhələdədir ki, əməkdaşlıq aspektində çox etibarlı tərəfdaş statusuna yüksəlib.
Bunun təsdiqlərindən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Məlumdur ki, həmin yer uğrunda ciddi mübarizə gedir, lakin Azərbaycana etibar göstərildi. Bakının beynəlxalq arenadakı fəaliyyəti yüksək qiymətləndirildi.
Regional əməkdaşlıq: əsas elementləri, risklər və təhlükə mənbəyi
Sonra, ölkə başçısı Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələri diqqətə çatdırıb. İlham Əliyev vurğulayıb: "Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz" (bax: əvvəlki mənbəyə).
Bununla rəsmi Bakının regional siyasətinin əsas məqsədi tam aydın olur. 20 ildən artıq bir müddətdə ölkə rəhbərliyi enerji və nəqliyyat sahəsində layihələr həyata keçirərək regional əməkdaşlığa konkret təkan verib. Eyni zamanda, Azərbaycan daha irəli gedərək nəinki region, həm də dünya üçün əhəmiyyəti olan yeni əməkdaşlıq formatları təklif edib. Bu iki məqam sintez halında Prezident İlham Əliyevin vurğuladığı milli təhlükəsizlik məsələsinin sistemli olaraq təmin edilməsi vəzifəsini yerinə yetirməyə imkan yaradır. İndi enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olaraq qəbul edilir.
Həmin tezislərin fonunda Prezidentin xarici siyasətin prioritetlərini lakonik təqdim etməsi çox maraqlı görünüb. İlk olaraq İlham Əliyev ifadə edib ki, "siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, – biz müsəlman dünyasının bir hissəsiyik, – və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır" (bax: əvvəlki mənbəyə). Qonşular, müsəlman dünyası və Avropa istiqamətləri Y.Bremmerin də vurğuladığı Avrasiya təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan strategiyaya daxildir. Çünki Azərbaycan hər şeydən əvvəl Avrasiyanı əhatə edən geosiyasi problemlərə diqqət yetirir və əməkdaşlıq imkanlarını orada genişləndirir.
Avrasiyadakı riskləri azaltmaq üçün bu, səmərəli bir addımdır. Qonşular (Rusiya, Türkiyə, İran, Gürcüstan) və müsəlman ölkələri arasında əməkdaşlıqda körpü rolu da Azərbaycanın üzərinə düşür. Təsadüfi deyil ki, bizim ölkə həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. İki sivilizasiya arasında əməkdaşlıq əlaqələrinin inkişafı və dinlərarası dialoqun təşkilində həmin faktın ciddi rolu vardır. Bunlara Azərbaycanın beynəlxalq layihələrdə aktiv iştirakını da əlavə etmək gərəkdir. Məsələn, Çinin təşəbbüsü olan "Yeni İpək Yolu" layihəsindəki fəallığı ilə Bakı böyük bir məkanda (ilk növbədə Avrasiyada) əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirməkdədir.
Bunların fonunda Prezident İlham Əliyevin bütün Avrasiya üçün təhdid yaradan bir risk faktorunu xüsusi vurğulaması tamamilə məntiqlidir. Ölkə başçısı Ermənistanın təcavüzkar siyasətinin yaratdığı fəsadlara ayrıca vurğu edib. İrəvan etnik təmizləmə siyasəti aparıb. Azərbaycan ərazisinin 20 faizini havadarlarının ciddi dəstəyi ilə işğal edib. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin, birincisi, həmin sənədlərin heç birinə Ermənistan əməl etmir, ikincisi, beynəlxalq təşkilatlar təcavüzkara təzyiq göstərmir, üçüncüsü, münaqişəni nizamlamalı olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri konkret addımlar atmır, sülhdən danışır, lakin onu təmin etmək üçün səmərəli tədbir görmürlər.
Bunların nəticəsində Ermənistanın təcavüzkarlığı region üçün ən böyük təhlükə halına gəlib. Bu vəziyyət avtomatik olaraq Avrasiya üçün də həmin münaqişənin ciddi təhlükəyə çevrilməsinə səbəb olur. Prezident İlham Əliyev həmin kontekstdə açıq deyib: "Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır" (bax: əvvəlki mənbəyə).
Doğrudan da, ölkələrin ərazi bütövlüyünə hörmət olmasa, Avrasiyanın təhlükəsizliyi necə təmin oluna bilər? Bu, mümkün deyil. Bu səbəbdən Azərbaycanın dövlət başçısının əsas faktor kimi ərazi bütövlüyünü qabartması tam məntiqlidir.
Bütün bunların fonunda Azərbaycan regionda sabitləşdirici ölkə funksiyasını yerinə yetirməyə özündə güc və imkan tapır. Bu barədə verilən suala cavabında Prezident İlham Əliyev çox gözəl fikirlər söyləyib. Həmin məqam geosiyasi aspektdə olduqca aktualdır və onu vurğulamaq lazımdır.
Prezident Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına etdiyi yardımı və ABŞ-la Rusiyanın generallarının Bakıda görüşməsi səbəblərini izah edərkən əhəmiyyətli faktorlardan söz açıb. Azərbaycanın həm xarici siyasətinin məzmununda qonşu ölkələrin bir-biri ilə yaxın əməkdaşlığının olması xüsusi yer tutur, həm də beynəlxalq aləmdə Bakının fəaliyyəti ən böyük dövlətlərin maraqlarına zidd deyil.
Həmin kontekstdə İlham Əliyev ifadə edib: "Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır" (bax: əvvəlki mənbəyə).
Beləliklə, Azərbaycan Prezidentinin Münxen təhlükəsizlik konfransında iştirakına təşkilatçılar böyük əhəmiyyət veriblər. Ölkə başçısının Avrasiyada təhlükəsizliyə həsr edilmiş çıxışını isə dinləyicilər yüksək qiymətləndiriblər. İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdəki fəaliyyətini dəqiq analiz edərək, qısa şəkildə əsas məqamları ifadə edib. Bir daha dünya görüb ki, Azərbaycan regionun lider dövlətidir və rəsmi Bakı müasir tələblərə cavab verən müstəqil xarici siyasət yeridir. Bu proses durmadan davam edəcək. Azərbaycan rəhbərliyi yeni-yeni zirvələr fəth edəcək.
Newtimes.az