2017-ci ilin əsas riskləri: dünyanı gözləyən təhlükələr – Newtimes.az
Müxtəlif analitik qurumlar qlobal səviyyədə özünü göstərə bilən təhlükələri öncədən proqnozlaşdırmağa çalışırlar. Onlar çoxlu sayda və bir-birindən fərqlənən faktorlardan bəhs edirlər. Davosdakı Dünya İqtisadi Forumunun ekspertləri də bu ildə meydana çıxa biləcək riskləri müəyyənləşdirməyə çalışıblar.
Təqdim edilən hesabatda bəşəriyyəti bir sıra təhdidlərin gözlədiyi vurğulanır. Ekspertlər ümumilikdə 30 qlobal risk faktorunun mövcudluğundan bəhs edirlər. Onları bir neçə qrupa bölürlər. Lakin həmin risk faktorlarının bir-birindən ayrı mövcud olduğunu demək çətindir. Burada fərd, cəmiyyət, dövlət və beynəlxalq təşkilatlar səviyyəsində özünü göstərən amillərdən danışmaq olar. Həmin aspektdə 2017-ci ildə meydana çıxması gözlənilən risklərin analizi üzərində geniş dayanmağa ehtiyac vardır.
30 qlobal risk: ekspertlərin xəbərdarlığı
Dünya (Davos) İqtisadi Forumunun (DİF) ekspertləri 2017-ci ilin başlıca risklərinin əks olunduğu hesabat hazırlayıblar. Sənədin məzmunu genişdir, orada analiz və proqnozlar yer alıb. 2017-ci ilin yanvarın 11-də dərc edilən məruzədə ekspertlər riskləri qruplara bölüb onların hər birinin xarakteristikasını verməyə çalışıblar (bax: The Global Risks Report 2017 / "weforum.org", 11 yanvar 2017).
Məruzədə yer alan risklərin hər birinin nə dərəcədə real olduğunu həyat göstərəcək. Ancaq bizim diqqətimizi çəkən əsas məqam ekspertlərin 2017-ci ildə dünyada çoxlu sayda risklərin olacağı haqqında yekdil fikirdə olmalarıdır. Məsələ sənəddə belə qoyulur ki, bu il bəşəriyyət daha çox riskli vəziyyətdə olacaq. Niyə məhz risklər? Niyə mütəxəssislər davamlı inkişafdan, rifahdan, münaqişələrin həllindən deyil, məhz təhlükələrdən və risklərdən bəhs edirlər?
Təəssüf ki, məruzə müəllifləri bu suala cavab axtarmırlar – onlar sadəcə insanları təlatümə gətirən təhlükələrin reallaşma ehtimalını vurğulamağa çalışırlar. Dünya təcrübəsi göstərir ki, bu, güclü dairələrin bu ilin risklərlə dolu olmasını görmək istəməsinin ifadəsi ola bilər. Hər halda, Davos mütəxəssisləri 30 (!) qlobal riskin mövcudluğunu qeyd edirlər ki, onları da 5 qrupa bölürlər. Həmin qruplar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnoloji sahələri əhatə edir. Bunlardan başqa, ekspertlər riskləri gücləndirə biləcək 13 tendensiyanı da vurğulayıblar (bax: əvvəlki mənbəyə).
Əsas risklər sırasında aşağıdakılar göstərilir:
– dövlətlər arasında etimadın yoxluğu və münaqişələr; – təbii fəlakətlərin baş verməsi ehtimalı; – əhalinin gəlirləri arasındakı fərqlərin daha da artması; – kibercinayətlər; – terror aktları; – məcburi qaçqınların sayının əhəmiyyətli dərəcədə artması (bax: əvvəlki mənbəyə).
Risk qruplarında ilk sıranı ekoloji kateqoriya tutur. Ekstremal iqlim hadisələri, genişmiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riski daha çox ehtimal olunanlar sırasındadır. İkinci sırada geosiyasi risklər dayanır. Onların sırasında isə birinci yerdə böyük terror aktları durur. Sonrakı yerləri dövlətlərarası münaqişələr və səmərəli dövlət idarəetməsinin yoxluğu tutur. Suriya böhranını sənəd müəllifləri keyfiyyətsiz dövlət idarəetməsinin olmaması faktoru ilə izah etməyə çalışırlar. Üçüncü yerdə texnoloji risklər dayanır. Onlar şəxsi məlumatların oğurlanmasından, onlardan qərəzli məqsədlər üçün istifadə edilməsindən və genişmiqyaslı kibernetik hücumlardan (söhbət faktiki olaraq informasiya savaşından gedir) ibarətdir.
Ümumdünya İqtisadi Forumu ekspertləri qlobal riskləri gücləndirə biləcək 13 tendensiya sırasında iqlim dəyişmələrini, ətraf mühitin vəziyyətinin pisləşməsini, əhalinin yaşlanmasını, populizmin və milliyyətçiliyin artmasını, beynəlxalq təşkilatların, ilk növbədə BMT, BVF və NATO-nun rolunun dəyişməsini, əhalinin artan coğrafi mobilliyini, rəqəmsal texnologiyalardan asılılığın güclənməsini, güc mərkəzlərinin yeniləşməsini, kasıblarla varlılar arasında fərqlərin artmasını, inkişaf etməkdə olan ölkələrdə orta sinfin inkişaf etməsini, urbanizasiyanın yeni səviyyəyə qalxmasını və cəmiyyətlərdə qütbləşmənin dərinləşməsini göstərməsi maraq doğurur (bax: əvvəlki mənbəyə).
Təbii fəlakətlər, geosiyasət və ekologiya: daha ziddiyyətli sahələr
Beləliklə, Davos mütəxəssislərinin 2017-ci ildə meydana çıxa biləcək riskləri qruplaşdırması və onlara təsir etmə ehtimalı olan tendensiyaları müəyyənləşdirməsi kifayət qədər mürəkkəb bir mənzərəni ortaya qoyur. Onlara ümumi bucaq altında baxdıqda, görürük ki, risklər demək olar ki, fərdi, cəmiyyət, dövlət və beynəlxalq münasibətlər kimi bütün səviyyələrdə özünü göstərə bilər. Yəni konkret ifadə edilsə, ekspertlər bütövlükdə dünyanın vahid sistem olaraq böhran içində olduğu qənaətindədirlər.
Belə bir situasiyanın yaranması əvvəllər o dərəcədə ciddi təsiri olmayan bəzi sahələrin böhranı ilə müşayiət olunur. Biz konkret olaraq ekoloji və texnoloji sferaları nəzərdə tuturuq. Hətta ekologiya təbii fəlakətlər kontekstində daha önəmli yerə sahib olan faktor təsiri bağışlayır. Maraqlıdır, ekspertlər nəyə görə, deyək ki, dövlətlərarası münaqişələri deyil, təbii fəlakətləri və ekoloji məqamları önə çəkirlər? Görünür, artıq bəşəriyyətin, ümumiyyətlə, mövcudluq fəlsəfəsi böhran keçirir. Təbiətdə baş verən fəlakətlərin bir ucu insan fəaliyyətinin adekvat olmamasına bağlıdır. Burada atmosferin, suyun, torpağın, kosmosun çirklənməsinin qlobal təhlükəsizliyin vacib elementinə çevrildiyini vurğulamalıyıq.
Həmin aspektdə iqlim dəyişikliyinin əsas qlobal risklər sırasında göstərilməsi tamamilə məntiqli görünür. Əgər mütəxəssislərin hesablamaları özünü doğrultsa, dünyanın heç bir dövləti fəlakətlərdən yaxa qurtara bilməyəcək. İnkişaf etmiş dövlətlər belə vəziyyətin bu tərəfindən narahatdırlar. Lakin hətta bu cür risklərin fonunda geosiyasi təhlükələri kölgəyə salmaq heç doğru deyil. Çünki bu qrupa daxil olan risklər dünyanın müxtəlif regionlarında kifayət qədər böyük problemlər yaratmaqdadırlar. Onlar milyonlarla insanın həyatını itirməsinə səbəb olurlar. Buna görə də geosiyasi risklər daha həssas məsələdir.
Adı çəkilən sənəddə sadalanan geosiyasi risklər göstərir ki, burada böyük dövlətlərin məsuliyyəti daha çoxdur. Onlar bir tərəfdən liderlik uğrunda amansız mübarizə aparır, digər tərəfdən də öz maraqlarını təmin etmək üçün müxtəlif regionlarda ixtilafları alovlandırırlar. Məhz bu məqama görə, dünyada milliyyətçilik, müxtəlif növ fobiyalar artır, öz yurdlarını tərk edən insanların sayı durmadan çoxalır. Bu müddəaların fonunda ekspertlərin Suriyadakı böhranı səmərəli dövlət idarəçiliyinin yoxluğu ilə izah etməyə çalışması ədalətli görünmür, reallığı əks etdirmir. Çünki proses idarəetmənin zəifliyindən başlamadı, süni olaraq ixtilaf yaradıldı və sonradan bu tendensiya qayıdıb dövlət idarəçiliyini vurdu, cəmiyyəti tarazlıqdan çıxardı.
Başqa bucaq altında baxdıqda da Davos ekspertlərinin sona qədər obyektiv olmadığını görə bilərik. Məsələn, Ermənistanda dövlət idarəçiliyi Suriya, yaxud İraqdan güclüdür? Təbii ki, belə deyil, ancaq həmin ölkədə heç bir böhran yoxdur. Çünki Ermənistan təcavüzkar olsa da, qonşu ölkələrə qarşı aqressiv siyasət yeritsə də onun sabitliyini pozmaq istəmirlər. Suriya və İraqa qarşı isə münasibət tamamilə fərqlidir. Ümumilikdə müsəlman ölkələrinin inkişafı, nədənsə, müəyyən dairələri narahat edir.
Belə çıxır ki, Davos ekspertlərinin analizi və proqnozunda süni məqamlar az deyil. Onda yaxın gələcəkdə də dünyada risklərin olması ehtimalı az deyil. Onların bir qismi obyektiv xarakter daşısa da, xeyli sayda olanı bəzi dövlətlərin sırf öz maraqları naminə fəaliyyət göstərməsi ilə bağlıdır.
Bütün hallarda dünyanın 2017-ci ildə çətinliklər və risklərlə üz-üzə qalacağını demək olar. Qərbin radikal millətçiliyə daha çox meyl etməsi, Rusiya və Çinin geosiyasi təsirlərini artırmaq niyyətləri, bir sıra müsəlman dövlətlərində radikal əhval-ruhiyyənin yaradılması beynəlxalq miqyasda münaqişələrin artmasına aparıb çıxara bilər. Bununla yanaşı, dövlətdaxili ziddiyyətlərin də artması gözləniləndir. Bu barədə Dünya İqtisadi Forumu mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Milli Kəşfiyyat Şurasının (NIC) yaxın 5 il üçün verdiyi proqnozlarda da yazılıb (bax: Global Trends: Paradox of Progress / "dni.gov", yanvar, 2017). Belə görünür, bu il də bəşəriyyət mürəkkəb dilemmalar qarşısında qalmaqda davam edəcək.
Newtimes.az