Pirallahı rayonunda “Milli mənəvi dəyərlərimiz və İslam” mövzusunda tədbir keçirilib
Pirallahı rayonunda “Milli-mənəvi dəyərlər və İslam” mövzusunda maarifləndirici tədbir keçirilib.
1news.az-a rayon icra hakimiyyətindən verilən xəbərə görə, rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev çıxış edərək İslam həmrəyliyinin gücləndirilməsinin Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biri olduğunu deyib.
V.Babayev qeyd edib ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlərə malik Azərbaycan təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla yanaşı, ölkəmizin İslam birliyinə həssas münasibətinin göstəricisidir. O, həmçinin “İslam Həmrəyliyi İli” çərçivəsində rayonda keçiriləcək tədbirlər və görüləcək işlər barədə məlumat verib.
Digər natiqlər milli mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkiblər.
1news.az