Ağdaşda 34 kilometrlik avtomobil yolunun tikintisinə başlanılıb – VİDEO
“Azəravtoyol” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 13 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş 2017-ci il dövlət büdcəsi dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri hesabına Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun yenidən qurulması işlərinə start verib.
1news.az-ın məlumatına görə, yenidənqurma işlərinin aparıldığı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yol əsası hazır olandan sonra yola ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min kvadratmetrdən çox sahənin asfaltlanması nəzərdə tutulur.
Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni iki metr, hərəkət hissəsi isə altı metr olacaq. Bir gediş və bir gəliş olmaqla iki hərəkət zolağından ibarət olacaq yol dördüncü texniki dərəcəyə uyğun olaraq tikilir.
Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq.
Avtomobil yolunun əsaslı şəkildə bərpası dörd yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşınması asanlaşacaq.
Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
1news.az