Bonnda Azərbaycanı tanıtım tədbiri keçirilib – FOTO
Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Bonn şəhərində Azərbaycanı tanıtım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, tədbirdə əksəriyyəti alman olmaqla 100 nəfərədək qonaq iştirak edib. Onların arasında türk diasporunun nümayəndələri, soydaşlarımız, istedadlı gənclər və alimlər olub.
Almanca keçirilən tədbirdə qonaqlara Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, buradakı tolerantlıq ənənələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məlumat verilib.
Çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadan və digər Avropa dövlətlərindən ədalətli mövqe tələb edərək, Xocalını soyqırımı kimi tanımağa və faciəyə beynəlxalq hüquqi qiymət verməyə çağırıblar.
Raynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmidt, Almaniyada hüquq təhsili alan tələbələr Gülnar Hacıyeva, Yavər Məmmədova, gənc həkim Emil Qəhrəmanov çıxış edərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və işğal altında olan torpaqların geri qaytarılması istiqamətində dünya azərbaycanlılarının Azərbaycan Prezidenti İlham Əliyevə dəstək olduqlarını bildiriblər.
Tədbirdə eyni zamanda Azərbaycanın milli adət-ənənələri, mədəniyyəti haqqında məlumat verilib, ölkəmizdə idmanın inkişafından bəhs olunub.
Tədbirdə söz alan alman iştirakçılardan Günter Vaschke bir il yarım Azərbaycanda yaşaması və ölkəmizlə bağlı maraqlı təəssüratlarını bölüşüb.
1news.az