Dəməşqdə partlayış: azı 35 nəfər həlak olub
Bu gün Suriyanın paytaxtı Dəməşqdə Ədalət Sarayının binasında güclü partlayış baş verib.
1news.az-ın məlumatına görə, Suriya dövlət televiziyasının yaydığı məlumata görə, partlayıcı qurğu binanın vestibülündə işə salınıb. Ölkənin Ədliyyə Nazirliyi hücum nəticəsində onlarla insanın həlak olduğunu və yaralandığını təsdiqləyib.
Hazırda partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları gəlib. France Presse agentliyinin məlumatına əsasən, insident nəticəsində azı 35 nəfər həlak olub.
Xatırladaq ki, ötən həftə Dəməşqdə 70-dən çox insanın ölümü ilə nəticələnən ikili partlayış törədilmişdi. O vaxt intiharçı-terrorçular özlərini şiə zəvvarların izdihamı arasında partlatmışdılar. Hadisənin məsuliyyətini “Cəbhət ən-Nusra” qruplaşmasının başçılıq etdiyi “Tahrir əş-Şam” silahlı koalisiyası üzərinə götürmüşdü.
1news.az