İsrail səfiri Rusiya XİN-ə çağırılıb
İsrailin Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
1news.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, səfir İsrail Hərbi Hava Qüvvələrinin Palmira şəhərində Suriya ordusunun mövqelərinə zərbə endirməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb:
“Biz İsrail səfirindən bu barədə soruşmuşuq və hadisə ilə bağlı narahatlığımızı bildirmişik”.
Qeyd edək ki, insident martın 17-də axşam saatlarında baş verib. Belə ki, İsrailə məxsus dörd təyyarə Suriyanın hava məkanına daxil olaraq Suriya ordusuna məxsus obyektlərdən birinə zərbələr endiriblər.
Suriya ordusunun rəhbərliyi bildirib ki, Colan təpələrinin üzərində təyyarələrdən birini vurmaq mümkün olub. İsrail tərəfi isə təyyarəsinin vurulması faktını inkar edir.
1news.az