Peterburqda törədilən partlayışda ölən azərbaycanlının meyiti Bakıya gətirilib – FOTO – VİDEO –YENİLƏNİB
Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında verilən məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.
Yaxın saatlarda mərhumun meyiti yaxınlarına təhvil veriləcək.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.
10.30
Peterburq metrosunda baş verən terror aktı zamanı universitetin 13 tələbəsi xəsarət alıb. Onlardan 9-u xəstəxanada müalicə olunur. Hazırda onların vəziyyəti stabildir.
Tələbələrdən biri, 21 yaşlı Dilbər Əliyeva aldığı ciddi xəsarətlərdən xəstəxanada həyatını itirib. Faciədən xəbər tutan universitet rektoru ezamiyyətini təxirə salaraq, operativ qərargah toplayıb.
Müəllimlər xəsarət almış tələbələrin valideynləri ilə daim əlaqədədirlər. Həlak olmuş Dilbər Əliyeva İqtisadiyyat fakültəsinin III kurs tələbəsi idi. O, psixoloq olmaq istəyirdi. Universitetdə onun çoxlu dostları vardı. Tələbə yoldaşları onun həlak olduğu metrostansiyaya gələrək memorial özünənə gül dəstələri qoyurlar.
NTV
04.04.2017
Peterburq metrosunda baş verən qanlı terror qurbanı olan 20 yaşlı Dilbər Əliyeva Vətəndə dəfn ediləcək.
Bu haqda Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.
“Əldə etdiyimiz məlumatlara əsasən, həlak olmuş həmyerlimzin nəşi sabah Bakıya gətiriləcək”, - deyə Diplomatik Nümayəndəlikdən məlumat verilib.
Qeyd edək ki, terrorun gənc qurbanı – Dilbər Əliyeva Peterburq Universitetinin III kurs tələbəsi idi.
Universitet rəhbərliyi onun üçün xatirə əlaməti olaraq fotosunun qarşısında şam yandırıb.
16.31
Peterburq Dövlət Universitetinin rektorluğu metroda baş verən terror aktı zamanı faciəvi şəkildə həlak olan Dilbər Əliyevanın yaxınlarına, qohumlarına və ailə üzvlərinə başsağlığını bildirir.
Bu haqda 1news.az-a universitetin prorektoru İqor Kiselyov bildirib.
Dilbər Səməndər qızı Əliyeva İqtisadiyyat və menecmentlik fakültəsinin III kurs tələbəsi idi:
“Dünənki terror aktında həlak olan Dilbər Əliyeva psixoloq olmaq istəyirdi. Bütün qızlar kimi onun da dostları, gələcək planları vardı. Dilbər həyatı çox sevirdi. Bütün bunlar dünən baş verən terror aktı zamanı məhv oldu. O, hər zaman dost-tanışlarının xatirəsində gənc, enerji dolu və təravətli olaraq qalacaq...”
Partlayış nəticəsində universitetin 13 tələbəsi yaralanıb. Hazırda onlardan 9-u Sankt-Peterburqun müxtəlif xəstəxanalarında müalicə alır. Dörd nəfəri isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Həmçinin RİA Novosti-nin yaydığı məlumata əsasən universitet rəhbərliyi Dilbər Əliyevanın xatirəsi ilə bağlı fotonun önündə şam yandırıb. Universitetin birinci mərtəbəsində qoyulan fotonun önünə tələbələr gül dəstələri qoyur.
13:16
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu metroda baş vermiş partlayış nəticəsində yaralanmış azərbaycanlı Zaur Vəliyevi ziyarət edib.
Bu haqda 1news.az-a Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov məlumat verib.
Onun sözlərinə görə, yaralının vəziyyəti stabildir, orta ağırlıqlı olaraq dəyərləndirilir. Baş konsul onu da qeyd edib ki, yaralı sağalmaq üzrədir.
Z.Vəliyev Rusiya vətəndaşıdır və Orenburqda anadan olub.
Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğu Peterburq metrosunda baş vermiş partlayış nəticəsində Dilbər Əliyeva adlı azərbaycanlının öldüyünü təsdiq etmişdi.
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, 49 nəfər xəstəxanaya yerləşdirilib.
11.29
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu metroda törədilən terror aktı nəticəsində aldığı ağır xəsarətlərdən Dilbər Əliyeva adlı həmyerlimizin vəfat etdiyini təsdiqləyib.
1news.az-ın verdiyi xəbərə görə, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Onun ölümü haqda məlumat bu gün səhər saatlarında daxil olub.
Hazırda onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır.
09:33
Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda baş verən partlayışla bağlı yeni məlumat yayılıb. Bu gecə partlayış zamanı aldığı ağır xəsarətlərdən Dilbər Əliyeva adlı həmyerlimiz vəfat edib.
O, xəstəxanaya ilk olaraq naməlum şəxs kimi qəbul edilərək, adının təxmini 21 yaşlı Əliyeva Tamara olaraq qeyd edilib. Çox ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və oradaca vəfat edib, deyə Life.ru yazır.
Məlumat araşdırılır.
Qeyd edək ki, Sankt-Peterburq metrosunda baş verən partlayış zamanı həlak olanların sayı 11 nəfərə, yaralılar isə 45 nəfərə çatıb.
1news.az