Səfir: “İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanı dünyada daha da tanıdacaq” | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: “İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanı dünyada daha da tanıdacaq”

15:28 - 27 / 04 / 2017
Səfir: “İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanı dünyada daha da tanıdacaq”

Məlum olduğu kimi, mayın 12-də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları başlayır. 

Bu münasibətlə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani 1news.az-a müsahibə verib. Səfir ölkəmizdə oyunlara hazırlıq, İndoneziyanın bu yarışlarda iştirakı, həmçinin iki dövlət arasındakı əlaqələrdən bəhs edib.

 -Cənab səfir, Azərbaycanda İslam Həmrəyliyi Oyunlarına hazırlığın səviyyəsi barədə nə deyə bilərsiniz? İndoneziya bu yarışda necə təmsil olunacaq?

-Azərbaycan gələn ay İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, 3-cü İslam Həmrəyliyi Oyunları İndoneziyada keçirilib. Bu səbəbdən Azərbaycanın hazırlıq vəziyyətinin necə olduğunu çox yaxşı bilirəm. Təbii ki, digər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan da bu tədbiri təşkil etmək üçün başqa ölkələrdən nümayəndələr dəvət etmişdi. Əgər biz ümumi şəkildə tədbirin hazırlıqlarını qiymətləndirsək, bu zaman Azərbaycanın hazırlığı böyük bir tədbirin keçirilməsi baxımından çox yaxşı səviyyədədir. Təbii ki, bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada daha da tanınmasına səbəb olacaq. Azərbaycan Xəzər hövzəsində yerləşən möhtəşəm bir ölkə kimi diqqəti cəlb edəcək.

İndoneziya İslam Həmrəyliyi Oyunlarında 200 nəfərlik heyətlə təmsil olunacaq

-İndoneziya İslam Həmrəyliyi Oyunlarında 200 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq. Həmin nümayəndə heyətinin tərkibində 120 nəfərə yaxın atlet olacaq, qalan hissəsi isə rəsmi nümayəndələr və incəsənət təmsilçiləridir. İndoneziya nümayəndə heyətinə Cənubi Sumatra əyalətinin qubernatoru Aleks Nurdin rəhbərlik edəcək. Eyni zamanda heyətin tərkibində idman naziri İman Nahrovi də olacaq.

-İdmançılarınızın şanslarını necə dəyərləndirirsiniz, sizcə neçə medal qazanacaqsınız?

-Bunu öncədən deyə bilmərik. Amma yəqin ki, indoneziyalı idmançılar ilk böyük beşlikdə olacaq. Çünki 2013-cü ildə İndoneziyada keçirlən yarışlarda idmançılarımız birinci yeri tutmuşdu. Bakı yarışlarında birinci yer olmasa da, amma ilk beşlikdə olacağıq.

Azərbaycan bütün dünya ölkələri müsəlmanlarını təmsil edə bilir

-Sizin fikrinizcə, bu tədbir Azərbaycanın ümumilikdə islam dünyası ilə əlaqələrinin inkişafına nə kimi təsir edəcək?

 -Sözsüz ki, böyük təsiri olacaqdır. Bütün dünya Azərbaycanda bu tədbirin keçirliməsi barədə danışacaq. Bu onun göstəricisidir ki, Azərbaycan bütün dünya ölkələri müsəlmanlarını təmsil edə bilir. Eyni zamanda hər kəs ölkənizin sülhpərvər, qonaqpərvər olduğunu bir daha görəcək.

-İndoneziyadan olan turistlərin İslam Oyunlarında Azərbaycana gəlməsi gözlənilirmi?

-Sözsüz ki, turistlər gələcəklər. Çünki burada İndoneziyanın fövqəlavə və səlahiyyətli səfiri var. Mən bir səfir kimi Azərbaycanı daim İndoneziyada təşfiq və təbliğ edirəm. Orda bildirirəm ki, Azərbaycan çox gözəl, sabit, sakit, möhtəşəm ölkədir, insanları çox mehriban, ürəyiaçıq, səmimidir. Bu səbəbdən sözsüz ki, İndoneziyadan da Azərbaycana turstlər gələcək.

-Ümumilikdə, turizm sahəsində iki ölkənin əməkdaşlığının perspektivini necə qiymətləndirirsiniz?

-Azərbaycanda son illərdə turizm sahəsi çox inkişaf edib. Amma İndoneziya ilə Azərbaycan arasındakı turizm sahəsində münasibətlərə nəzər yetirsək, ilk növbədə səfər edənlərin sayının çox olmadığı məlum olur. Bunun başlıca səbəbi məsafənin uzaqlığı və birbaşa hava əlaqəsinin olmamasıdır ki, bu da vətəndaşa baha gəlir. Amma son iki ildə artım var. Belə ki, Azərbaycandan İndoneziyaya səfər edənlərin sayı artıb, İndoneziyadan da bura  gələnlərin sayında artım var. Bu da ondan irəli gəlir ki, azərbaycanlılar İndoneziya, indoneziyalılar isə Azərbaycan barədə məlumatlandırılır.

İki ölkə arasında birbaşa hava yolu açıla bilər

-Birbaşa reysin açılması müzakirə edilir?

-İki ölkə arasında birbaşa hava yolu açıla bilər. Bu, İndoneziyanın “Qoroda” Hava Yolları ilə AZAL-ın istəyindən asılı olacaq. Mən bir neçə dəfə onlar arasında əlaqənin yaradımasına cəhd etmişəm. Amma hələ ki, heç bir əməkdaşlıq yaranmayıb. Amma ola bilsin ki, gələcəkdə biz yenə də çalışacağıq ki, bu əməkdaşlıq qurulsun.

-Azərbaycanın regionlarında olmusunuzmu və sizin diqqətinizi regionlarda daha çox nələr cəlb edib?

 

 Ticarət və turizm sahəsində əlaqələrin daha da güclənməsinə çalışırıq

- Azərbaycanın bir çox regionlarında, o cümlədən Şahdağ, Şəki, Qəbələ, Quba, Xırdaıln və digər regionlarda olmuşam. Təbii ki, turizm yalnız Bakıda mərkəzləşməməli, digər ərazilərdə də inkişaf etdirilməlidir. Çünki Azərbaycanın çox gözəl təbii mənbələri, olan əraziləri var. Şahdağda qış mövsümündə qar var, orda xizək sürmək olur, yaxud Şəki çox qədim bir ərazidir, digər ərazilərə də səfərlər etmək, başqa regionlarını da tanıtmaq olar. Azərbaycan turistik zonada yerləşir və turistləri öz mədəniyyəti, tarixi ilə cəlb edə bilər. Mən çox kiçik yaşlarımda Nizaminin Leyli və Məcnunu  ilə tanış olmuşam.  Bu əsərin Nizami Gəncəvinin olduğunu bilirəm.

-Turistlərin sayı ilə bağlı statistika var?

- Statistikaya nəzər salsaq, bu sahədə müəyyən inkişafı görəcəyik. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2015-ci ildə Azərbaycandan İndoneziyaya təqribən 400 nəfər, 2016-cı ildə isə 600 nəfər səfər edib. İndoneziyadan Azərbaycana 2015-ci ildə 500, 2016-cı ildə isə 1600 nəfər səfər edib.

-Cənab səfir, iki ölkə arasında münasibətlərin ümumi səviyyəsini necə qiymətləndirirsiniz?

-İndoneziya ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşıdır. İndoneziya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyü dəstəkləyib. Hazırda da iki ölkənin münasibətləri inkişaf etməkdə və güclənməkdədir. Bununla bağlı təbii ki, bir sıra görüləcək işlər də var. Münasibətlərimiz əsasən ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əlaqələrin güclənməsinə mərkəzləşib. Eyni zamanda bizi iki dövlət olaraq birləşdirən həm də İslam dinidir. Halal məhsulların istehsalının genişlənməsi də xüsusi diqqət mərkəzindədir.

Hazırda ticarət və turizm sahəsində əlaqələrin daha da güclənməsinə çalışırıq. Ticarət dövriyyəsinin həcmi də güclənib. 2015-ci ildə ticarət dövriyyəsi 19 milyon dollar təşkil edirdisə, ötən il 46 milyon dollara kimi yüksəlib. Çalışacağıq ki, ticarət əlaqələrini daha da inkişaf etdirək. Xüsusilə diqqət yetirəcəyik ki, hansı məhsulları İndoneziyadan Azərbaycana, hansı məhsulları isə Azərbaycandan İndoneziyaya göndərə bilərik.

-Qeyd etdiniz ki, ticarət iqtisadi əlaqələri gücləndirmək istəyirsiniz. Bu istiqamətdə  hansı sahələri əməkdaşlıq üçün prioritet hesab edirsiniz?

-Azərbaycana nə lazımdırsa, biz onu bura ixrac edə bilərik. Tutaq ki, Toyota markalı maşın əvvəl digər ölkələrdə istehsal olunurdusa, hazırda İndoneziya da bunu istehsal edir. İndoneziya idman ayaqqabları, geyimləri, qəhvəsinə görə tanınan ölkədir. “Arabica”, “Robusta”, “Luvak” qəhvələrini bura ixrac edə bilərik. Ölkəmiz həm də ən böyük şokolad istehsalçılarından biridir. Düzdür, Fransa, ABŞ, Rusiya şokolad istehsal edir, amma onlarda kakaonun olub-olmaması məsələsi var. Kakao İndoneziyada çoxdur. Qızıl istehsalına görə də İndoneziya lider ölkələrdəndir. 200 milyon uns qızıl istehsal edir. Biz Azərbaycana qızıl ixrac edə bilərik.Balıqçılıq sahəsi də ölkəmizdə çox inkişaf edib. Bir sözlə, Azərbaycana nə lazımdırsa İndoniziya gətirə bilər.

-Enerji sahəsində əməkdaşlıq barədə nə deyə bilərsinzi?

-Bu sahədə münasibətlərimiz inkişaf edir. İndoneziya özü də neft istehsal edən ölkədir. Belə ki, günə 800 min barel neft istehsal edir, amma günlük tələbat 2 milyon bareldir. Buna görə qalan 1 milyon 200 min bareli digər ölkələrdən Azərbaycan, Əlcəzair, Səudiyyə Ərəbistanından alırıq.

-Yaxın aylarda iki ölkə arasında hansı yüksək səviyyəli səfərlər, tədbirlər planlaşdırılır?

-Biz bu il Azərbaycan Prezidentinin İndoneziyaya səfərini gözləyirik. Səfər oktyabr-noyabr aylarında baş tutmalıdır. Bundan əlavə, digər səfərlər də planlaşdırılır. Azərbaycanda keçirləcək beynəlxalq tədbirlərdə İndoneziyadan da nümayəndə heyətləri qatılacaq.  

Sentyabrda Bakıda ikinci İndoneziya Mədəniyyət günləri olacaq. İki gün davam edəcək bu tədbir daha geniş şəkildə keçiriləcək. İndoneziyadan qonaqlar, həmçinin turizm, ticarət, mədəniyyət sahəsi ilə əlaqədar nümayəndə heyətlər, rəqqaslar müğənnilər dəvət olunacaq.

Pərvanə Sultanova

Paylaş:
1913

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər