Araz Əzimov: “Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsinin həllində öz maraqlarına xidmət edirlər” | 1news.az | Xəbərlər
Siyasət

Araz Əzimov: “Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsinin həllində öz maraqlarına xidmət edirlər”

11:56 - 06 / 05 / 2017
Araz Əzimov: “Minsk qrupu həmsədrləri Qarabağ münaqişəsinin həllində öz maraqlarına xidmət edirlər”

“Beynəlxalq qurumlar münaqişələrin həllinə töhfəsini verməklə məsələyə beynəlmiləl yanaşma gətirməlidir.

1news.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

A.Əzimov bildirib ki, münaqişə artıq iki ölkənin məsələsi deyil: “Burada artıq məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək, əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq olar. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməldir, beynəlxalq qurumlar bu cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir".

A. Əzimov qeyd edib ki, yalnız effektiv beynəlxalq əməkdaşlıq dünyada mövcud olan münaqişələrin həllində real rol oynaya bilər:

“Münaqişələrin həlli üçün beynəlxalq oyunçular öz səylərini artırmalıdır. Nyu Yorkda oturub münaqişəni analiz etməkdənsə, regionlarla daha sıx işləmək lazımdır. Münaqişə regionları ilə sıx əlaqə qurmaq zəruridir. Müxtəlif sülhyaratma təşkilatları, o cümlədən  ATƏT-in Minsk qrupu hər zaman münaqişələrin həlli üçün effektli alət olmur. Məsələn,  Minsk qrupu həmsədrləri Fransa, Rusiya və ABŞ ilk növbədə öz maraqlarına xidmət edərək öz məsələlərini həll edirlər. Nəticədə biz onların maraqlarının üçbucağında qalırıq və məsələ həll olunmur. Regional əməkdaşlıq çox vacibdir, lakin tez-tez bu, müəyyən problemlər də yaradır. BMT  münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Onları həyata keçirmək lazımdır. Bu qətnamələrdə münaqişənin konkret həll yolu göstərilir. Bu sənədlərə hörmətlə yanaşılmalı və onlar həyata keçirilməlidir. Minsk qrupu buna uyğun hərəkət etməlidir”.

1news.az

 

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər