Argentina mətbuatında Azərbaycan səfirinin cavab məqaləsi dərc edilib
22 aprel tarixində Argentinanın Clarin qəzetində “Qarabağ-Cənubi Qafqaz burulğanında öz kimliyini müdafiə edən yazıq xalq” başlıqlı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən məqalə dərc edilib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, buna cavab olaraq həmin mətbuat orqanında Azərbaycanın Argentinadakı səfəri Rəşad Aslanovun məqaləsi dərc olunub.
Cavab məqaləsində Rəşad Aslanov bildirib: “Məqalənin bir ölkə tarixinin saxtalaşdırılmasının, separatizmin, aqresiya və işğalçılığın təşviqinin təmiz nümunəsi olduğunu deyərdim. Təəssüf edirəm ki, məqalədə Azərbaycan və Ermənistan arasındakı münaqişə barədə məlumat tamamilə qərəzli şəkildə təqdim olunur.
Məqalədə Azərbaycan və onun Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi barədə verilmiş yanlış məlumatlara dəqiqlik gətirməyi zəruri hesab edirəm. İlk növbədə qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsi məqalədə ifadə olunduğu kimi müsəlmanlar və katoliklər arasında olan dini münaqişə deyildir (erməni kilsəsinin rəsmi adı Erməni Apostolik Kilsəsidir. Müəllifin qeyd etdiyi kimi Katolik deyil).
Azərbaycan xalqı əsrlərdir ki, dini tolerantlıq və müxtəlifliyə malik bir cəmiyyətə sahibdir. Papa Fransiskonun da bəyan etdiyi kimi, Azərbaycanda müxtəlif dinlərə etiqad edən yəhudilər, xristianlar və müsəlmanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Bundan başqa, adı azərbaycanca “qara” və “bağ” sözlərinin birləşməsindən yaranan Qarabağ bölgəsinin tarixi haqqında məlumat vermək istərdim. XIX əsrin əvvəllərində Rusiya imperiyasının işğalına qədər bu bölgə əsrlər boyu müxtəlif Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olmuşdur.
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi Rus və İran arasında imzalanan 1813-cü ildə Gülüstan və 1823-cü ildə Türkmənçay müqavilələrindən sonra başlamışdır. Daha sonra ermənilər Azərbaycanın torpaqları hesabına məskunlaşdıqları əraziləri genişləndirməyə və azərbaycanlıları öz doğma torpaqlarından çıxarmağa nail olmuşlar. Bu prosesin davamı nəticəsində hətta Sovet hakimiyyəti dövründə də Azərbaycan ərazisi 114,000 km2-dən 86,000 km2-ə qədər azalmışdır.
Məqalədə qeyd olunan qanunsuz “referendum”a gəldikdə isə bu əməl Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini pozur, belə ki, bu heç bir hüquqi əsasa malik deyil. Eyni zamanda, bu qondarma “referendum” işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və təhdidi, etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilmişdir.
Pərvanə Sultanova