Heydər Əliyevi xatırlayarkən: illər arxasına səyahət – FOTOKOMPOZİSİYA
Ulu öndər Heydər Əliyevin anadan olmasından 94 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.
Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.
AZƏRTAC-ın arxivində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən çoxsaylı fotoşəkillər qorunub saxlanılır. Bu fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər arxasına çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənirik, baxıb qürur duyuruq.
1news.az