Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Almaniyada saxlanılan Azərbaycan vətəndaşının ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Almaniya Federativ Respublikasının Federal Ədliyyə İdarəsinə müraciəti və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılan danışıqlar nəticəsində Nuriyev Elmir Elxan oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə Elmir Nuriyevin özünü şirkət rəhbəri kimi təqdim edərək müxtəlif şəxsləri aldatmaqda və onların etibarından sui-istifadə etməkdə şübhəli bilindiyi müəyyən edilib. O, həmin şəxslərə məxsus mənzilləri təmir edəcəyinə dair yalan vədlər verməklə xeyli miqdarda ziyan vurmaqda şübhəli bilinir.
Həmin şəxs barəsində cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilib. İstintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində Elmir Nuriyevin Almaniya ərazisində olduğu yer müəyyənləşdirilərək saxlanılması təmin edilib.
Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Baş Prokurorluq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycana gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları, o cümlədən İnterpol ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.











