IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub | 1news.az | Xəbərlər
İdman

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub

21:50 - 12 / 05 / 2017
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin detalları məlum olub.

1news.az APA-ya istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi direktor və icraçı prodüser Katrin Uqvunun rəhbərliyi ilə dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən yaradılmış və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə həyata keçirilir.

Proqrama əsasən Azərbaycan İslam aləmini, sülh və anlaşma ruhu ilə bir araya gələn 50-dən çox dövləti qürurla və açıq ürəklə salamlayacaq. 700 könüllü iştirakçı səhnəyə çıxır. Bir sıra fiqurları yaratmaq üçün onlar əllərində parıltılı altıbucaq saxlayacaqlar. 7 metrlik ipək zolaqlarla çıxış edən Azərbaycan Dövlət Rəqs Ansamblının 10 rəqqası onlara qoşulacaq, "Yallı" rəqsi ifa olunacaq. Azərbaycan bayrağı 8 nəfər tərəfindən gətiriləcək və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi tərəfindən  qaldırılacaq. Bu zaman dövlət himni səsləndiriləcək. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayacaq. Ekranlarda göstərilən videoçarxda başlanğıc mərasimində Xəzərdən başlayan səyahət və Azərbaycanın böyük təbii gözəlliyə malik müxtəlif yerlərindən suyu toplayan uşaqlar göstəriləcək. Əllərində mis qablar tutan uşaqlar stadiona daxil olacaq və Azərbaycan sularını səhnədəki böyük mis  siniyə tökəcəklər. Uşaqların arxasında pirotexnika şəlaləsi işə düşəcək. Daha sonra hər komanda stadiona öz bayrağı altında daxil olacaq. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gedəcəklər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayacaq. Bu qrup parad bağlanan ana qədər ifa edəcək. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayacaq. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətiriləcək. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılacaq. Bütün idmançılar və hakimlər adından and içiləcək. Birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi D. Yusif bin Əhməd Əl-Osaymin çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyev Oyunları açıq elan edəcək. Stadionun damında atəşfəşanlıq başlayacaq və “Bakı-2017” yazısını  formalaşdıraraq gecə səmasına işıq saçacaq. Mis su qabını əlində saxlayan qadın səhnəyə qapıdan daxil olacaq. O, Azərbaycan komandası stadiona daxil olduğu zaman qarşıda gedən xanım olacaq. Atletlərin paradı zamanı 56 digər su daşıyıcısı ona qoşulacaq. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edəcəklər. Qadınlar suyu siniyə tökəcəklər və nəticədə gözəl fəvvarə alınacaq. İslam aləmi bununla rəmzi olaraq birləşəcək.

Mərasimdə sülh və ümid haqqında universal hekayət təqdim ediləcək və İslam sivilizasiyasının böyük töhfələri qeyd olunacaq. Videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış kiçik qız və onun çərpələngindən bəhs ediləcək. Videoçarxda Mina adlı kiçik bakılı qızın babası ilə Filarmoniya bağında oynadığı göstəriləcək. Babası onun çərpələnginin quyruğuna dördüncü zolağı əlavə edərək, onu tamamlayacaq. O, gözəl parkı gəzəcək, hər kəsə, onun ətrafında olanlara təbəssüm və nur bəxş edəcək. Babası izah edəcək ki, gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə, öz keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edəcək. Mina möcüzəli qaydada öz çərpələngində Bakıdan uzaqlara uçacaq, Qobustanda çoxəsrlik tarixi olan qayaüstü rəsmləri öyrənmək üçün qədim Azərbaycan diyarını gəzib dolaşacaq. Gözoxşayan mənzərəli yerlərin üzərindən ucan, Atəşgah məbədi və Yanardağda alovlanan əbədi odu seyr edəcək Mina çoxsaylı çalarları ilə seçilən əfsanəvi quş – simurqu görmək üçün əfsanələr dünyasına qədəm qoyacaq və simurq cücəsinin yumurtadan çıxmasına kömək edəcək. Mina ona minnətdar olan simurqun hədiyyəsini, gözəl lələyini özü ilə götürəcək. Balaca Mina təhlükə gördükdə simurqun lələyini yandıracaq və o, bir göz qırpımında yeni möcüzəli dostlarını ətrafına toplayacaq. Burada iyirmi səhnə iştirakçısı odla oynayaraq çıxış edəcək və buta fiqurlarını formalaşdırmaq üçün iki su hovuzunda alov cərgəsi yaradılacaq.

Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxacaq.  Alim Qasımov minarənin zirvəsində azan oxuyacaq. Mina Heydər Məscidinə yollanacaşq. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulacaq. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşacaq. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunacaq. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb.  Sonra yeni macəra başlayacaq. Mina keçmiş zamana yollanacaq və dünyanı gəzib dolaşaraq, qorxmaz səyyahlarla üzbəüz görüşəcək, yaraşıqlı günbəzlərə baxacaq, dahi şairləri görəcək, planetimizdən kənar kainatı seyr edəcək və ilk mexaniki cihazlarla tanış olacaq. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və ulaqlardan istifadə olunacaq. Mərasimdə istifadə məqsədilə həmin heyvanlar üç ay ərzində təlimlərdən keçib və stadionda onlar üçün xüsusi olaraq qurulmuş tövlələrdə saxlanılıb. İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticari yollar şəbəkəsi ilə yayılan ticarət, mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşüblər. Minanın səyahəti məhz buradan başlayır. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanacaq. Mina ağ atın belində səhnəyə daxil olacaq. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdıracaq və sonra atlar paralel olaraq yan-yana keçəcəklər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edəcək. O, Azərbaycan xalçalarını və musiqi alətlərini seyr etmək üçün onların qarşısında dayanacaq. Öz etibarlı dostunun üzərində əyləşərək səmada uçan Minanın öyrənəcəyi çox şey var. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstəriləcək. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılacaq. İri çarxlar Ayın fazalarını nümayiş etdirəcək. Çünki Qızıl Dövrün alim və elm adamları bildiriblər ki, Ayın fazaları, yəni, Ayın bir hissəsinin işıqlı olması, Ay Yer kürəsinin ətrafında dövr etdiyinə görə dəyişir və Ayın dövr etməsi Yer kürəsinin cazibə qüvvəsi ilə bağlıdır. İslam təqvimi Ayın dövr etməsinə əsaslanır. Səhnəyə çıxarılan velosiped kvadrantdan xəbər verəcək.  Çarxlar burada Qızıl Dövrün mexaniki ixtiralarına və turbin texnologiyasına işarə olaraq göstəriləcək. Fil saatı iki səhnə iştirakçısı tərəfindən gətirilir və bütün hərəkətlər bir anlıq dayanacaq. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atacaq və fil saatı işə düşəcək. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirəcək və “Bilik” mərasimi bununla bitəcək.

Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparacaq. Mina öz yolundan azacaq və o, səyahəti zamanı ilk dəfə qorxmağa başlayacaq. Lakin simurqun lələyi Minanın köməyinə gələcək və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişəcəklər. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq, ulduzlara çatacaq. Simurq qanad çaldıqca, qızılı toz parlamağa başlayacaq. Sonda o, ulduzlu səmaya qalxaraq yoxa çıxacaq. Mina çərpələng ilə rəqs edəcək. Mina öz çərpələngində Bakı üzərindən uçaraq, öz doğma şəhərinin yeni simasını görəcək. Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxacaq. Şəhərin mərkəzində yerləşən, qürur doğuran tarixi saraylar və qüllələr, eləcə də bu günlərin memarlıq şah əsərləri olan mədəniyyət və ticarət məkanları, iftixar mənbəyi olan idman və əyləncə yerləri, müasir istehsal və tədris müəssisələri onun gözləri qarşısından keçəcək. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanacaq. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandıracaq. Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatacaq. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçacaq. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanacaq. Yerdə və havada “yanar çarx” fişəngi alovlanacaq və fırlanacaq, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayacaq.

Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdacaq. Mina ürəkdolusu sevinclə babası ilə görüşəcək. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən bu qız öz bələdçi dostunu – çərpələngini yeni səyahətə yollayacaq ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxacaq və səmaya uçacaq.Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitəcək.

 Açılış mərasimində Bakı Olimpiya Stadionu ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevriləcək. Təbii bulaqlardan qaynayan su bu mərasimdə birlik rəmzi olaraq əsas rol oynayır. Hündürlüyü 28 metr olan iki minarənin üzərində İslam incəsənətinə xas olan bənzərsiz həndəsi elementlərdən ilhamlanaraq, mərkəzi altıbucağı formalaşdıran bir-biri ilə bağlı dairələr əks olunacaq. Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdiriləcək. Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan artıq heyvan – atlar, dəvələr və ulaqlar olacaq. Bu axşamkı mərasimdə 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən səsləndirilən musiqi ondan artıq Azərbaycan bəstəkarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin bəstələdikləri əsərlərdən ibarət olacaq. Bu axşam Azərbaycanın dünya miqyaslı iki ifaçısı muğam ustası Alim Qasımov və nağaraçı Natiq Şirinov səhnədə yer alacaq.

Qeyd edək ki, açılış mərasimi üçün Bakı Olimpiya Stadionunda səhnənin quraşdırılması altı həftəyə başa gəlib, lakin stadionu mayın 16-20-də yüngül atletika yarışlarına hazırlamaq üçün həmin səhnə cəmi 24 saat ərzində söküləcək. 31 ölkədən gəlmiş 5000-dən artıq insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu “Bakı 2017”-nin mərasimlərini hazırlayıb.  Stadionu teatra çevirən səhnənin arxa planını yaratmaq üçün 6 kilometr uzunluğunda tünd rəngli parçadan istifadə edilib. Mərasim üçün 75 kilometr elektrik kabelləri və 7 meqavatlıq generator gətirilib. Proyeksiya gücü 2,3 milyon lyumen olan 130 proyektor quraşdırılıb. Stadionun səs sistemi üçün 300-dən artıq səsgücləndirici qoyulub və 12 kilometr uzunluğunda kabel çəkilib. 1000-dən artıq işıq avadanlığı 60 kilometrlik kabellərlə birləşdirilib. Mərasimi təşkil etmək üçün 17 ölkədən hava, quru və dəniz yolları ilə 3000 ton yük gətirilib. 3000-dən artıq başa taxılan qulaqlıq aktyorlara əlaqədə olmaq imkanı yaradıb.

1news.az

Paylaş:
884

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər