Azərbaycan Meksikada Ümumdünya Birlik və Qardaşlıq görüşündə təmsil olunub.
Meksikanın San Migel de Ayende şəhərində keçirilmiş Ümumdünya Birlik və Qardaşlıq - XVIII Beynəlxalq görüşdə Azərbaycan da təmsil olunub.
1news.az-a ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, ölkənin Quanaxuato ştatının San Migel de Ayende şəhərində Ümumdünya Birlik və Qardaşlıq - XVIII Beynəlxalq görüşü keçirilib.
YUNESKO Ümumdünya mədəni irsi siyahısına daxil edilən San Migel de Ayende şəhəri Meksikanın ən internasional şəhərlərindən biridir. Burada altmışa yaxın müxtəlif milliyətləri təmsil edən icmalar yaşayır. Quanaxuato ştatının hökuməti və San Migel de Ayende şəhərinin yerli hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil olunan və iki gün ərzində keçirilən bu tədbir müxtəlif milliyyət və mədəniyyət təmsilçilərinin bir araya gətirilməsi məqsədini daşıyır.
Meksikada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Quanaxuato ştatını Meksika Federal Deputatlar Palatasında təmsil edən millət vəkilləri, KİV və QHT təmsilçiləri, həmçinin yerli icmalar iştirak edən bu tədbir çərçivəsində müxtəlif görüşlər və mədəni proqramlar həyata keçirilir.
Azərbaycanı tədbirdə ölkəmizin Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.
Tədbirin ilk günü şəhərin mötəbər tarixi binalarından olan Teatro Angela Peralta-da keçirilən açılış mərasimində Quanaxuato ştatının qubernatoru Migel Markez Markez də iştirak edib. Tədbir zamanı Azərbaycan tərəfinə San Migel de Ayende şəhəri yerli hakimiyyəti adından “Fəxri qonaq” adı ilə təltif olunması barədə qərarnamə təqdim olunub.
Bundan sonra iştirak edən ölkələr şərəfinə təşkil olunmuş parad zamanı Azərbaycan Respublikasının milli bayrağı da təntənəli şəkildə şəhərin mərkəzi küçələrindən keçirilib.
Tədbir çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycanlı diplomat ölkəmizdə uzun tarixə malik olan tolerantlıq ənənələri və müxtəlif millət və mədəniyyətlərin nümayəndələrinin burada əsrlər boyu heç bir ayrıseçkiliklə üzləşmədən yaşaması barədə danışıb. O, son illər Azərbaycanın multikulturalizm və mədəniyyətlər arası dialoq mərkəzinə çevrildiyini bildirərək may ayının əvvəlində Bakıda böyük uğurla keçirilmiş Mədəniyyətlərarası dialoq üzrə 4-cü Ümumdünya Forumu xüsusilə qeyd etmiş və bunun eyni zamanda Azərbaycan rəhbərliyi tərəfindən bu sahəyə göstərilən xüsusi qayğı və diqqət nəticəsində mümkün olduğunu vurğulayıb.
Pərvanə Sultanova