“ASAN Viza” sistemi qrup vizası xidmətini təklif edir
Mayın 15-dən etibarən “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edəcək.
1news.az xəbər verir ki, qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanından istifadə etməklə və bir ödəniş əməliyyatı həyata keçirməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində elektron vizanı əldə etmək mümkündür.
Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün rəsmiləşdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin operatoru olduğu “ASAN Viza” sistemi 2017-ci il yanvarın 10-dan etibarən fəaliyyətə başlayıb.
1news.az