Karasin: Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının görüşündə imzalana bilər
Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya Xəzəryanı ölkələrin dövlət başçılarının yaxın vaxtlarda Qazaxıstanda keçiriləcək görüşündə imzalana bilər.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqori Karasin bu fikri “Kommersant” qəzetinə müsahibəsində söyləyib.
Mayın 17-də Həştərxanda Rusiyanın Xəzəryanı ölkələrdəki səfirlərinin müşavirəsi keçirilib. Tədbirin əsas mövzusu Xəzəryanı dövlətlərin prezidentlərinin görüşünə hazırlıq məsələsi olub. Q.Karasin bildirib ki, müşavirədə mövcud şərait hərtərəfli təhlil edilib. O deyib: “Əsas nəticə konvensiya üzərində işi real tamamlamaq və Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək beşinci sammitində həmin sənədi imzalamaqdır”.
Nazir müavinin sözlərinə görə, sammitin keçiriləcəyi tarix hələ müəyyən edilməyib. Q.Karasin vurğulayıb:
“Gələcək konvensiyasının müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb. Bu sənəddə bütün Xəzəryanı ölkələrin tələbləri ahəngdar şəkildə tarazlaşdırılıb, onlardan heç birinin mili maraqlarına toxunulmur. Konvensiya Xəzərdə təhlükəsizlik zonasının, müəyyənliyin və mehriban qonşuluğun qorunub saxlanmasına zəmanət verir; iqtisadiyyat, energetika və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır; gəmiçilikdə və təbiətin istifadəsində, o cümlədən balıq ovu və bioloji resursların ortaq ehtiyatlarının idarə edilməsi, elmi araşdırmalar aparılması sahələrində anlaşıqlı rejimləri təmin edir. Bu, Xəzər regionunda – həm Rusiyada, həm də digər ölkələrdə yaşayan milyonlarla insanın arzu və istəklərinə uyğundur”.
Q.Karasin izah edib ki, danışıqlarda həm neft və qaz hasil edən beş ölkənin əsas iqtisadi ehtiyacları, həm də karbohidrogenlərin boru kəmərləri ilə nəql edilməsi nəticəsində Xəzərin ətraf mühitinə dəyə biləcək ziyana görə ümumi narahatlıq nəzərə alınmaqla sualtı boru kəmərləri çəkilişinin hamı üçün məqbul formulası işlənib hazırlanır.
S.Xankişiyeva