Ruhani prezident seçkilərində öndə gedir
İranda 12-ci prezident seçkilərinin ilkin nəticələrinə əsasən Həsən Ruhani 22 milyondan çox səs toplayaraq öndə gedir.
1news.az-ın “Sahar tv”yə istinadən məlumatına görə, İran Seçki Komissiyasının sədri Əli Əsğər Əhmədi İran bildirib ki, indiyədək 40 milyon 76 min 729 səs sayılıb ki, bundan da 38 milyon 914 min 470 səs düzgün olub.
Əli Əsğər Əhmədi əlavə edib ki, Həsən Ruhani 22 milyon 796 min 468, Seyid İbrahim Rəisi Sadat 15 milyon 452 min 194, Mustafa Ağa Mir Səlim 455 min 211 və Mustafa Haşemi-Təba 210 min 597 səs toplayıblar.
İran Seçki Komissiyasının sədri həmçinin deyib ki, İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli İran prezident seçkilərinin yekun nəticəsini bu gün Tehran vaxtı ilə saat 14-də elan edəcək.
12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirilib.
Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba İranda 12-ci prezident seçkilərinin dörd namizədi idi.
56 milyon 410 min 234 nəfərin səsvemə hüququ olub ki, onların da 70 faizdən çoxu, yəni 40 milyondan artıq seçici səs verib.
Pərvanə Sultanova