Tramp İsrailə ilk rəsmi səfərini edib
ABŞ Prezidenti Donald Tramp mayın 22-də İsrailə ilk rəsmi səfərini edib. Onu hava limanında İsrail Prezidenti Reuven Rivlin, Baş nazir Binyamin Netanyahu, Knessetin (parlament) spikeri Yuli Edelşteyn, İsrail hökumətinin nazirləri tam heyətlə və dini nümayəndələr qarşılayıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Amerika lideri qarşılanma mərasimində İsrailə səfərini hər iki ölkə arasında sarsılmaz dostluğun təsdiqi adlandırıb. Baş nazir Binyamin Netanyahu isə öz növbəsində Trampın rəhbərliyi altında ABŞ və İsrail arasında alyansın daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.
Axşam saatlarında Amerika prezidentinin Netanyahu ilə işgüzar görüşü planlaşdırılıb. Tərəflərin hər iki ölkə arasında ittifaqın gücləndirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin Fələstinlə sülh məsələlərini müzakirə edəcəkləri gözlənilir.
Donald Trampın səfəri müddətində Qüdsdə təhlükəsizliyi 10 min polis təmin edəcək. Eyni zamanda, şəhərin bir neçə mərkəzi küçəsi və Təl-Əviv şəhəri ilə Qüds arasındakı bir nömrəli avtomobil şosesi bağlı qalacaq.
S.Xankişiyeva