Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub – FOTO
Mayın 23-də Batumi şəhərində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Levan İzoria və Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda görüş keçirilib.
1news.az-ın məlumatına görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.
Nazirlər hərbi, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və bir sıra qarşılıqlı maraq doğuran digər istiqamətləri də nəzərdən keçiriblər.
Görüşün yekunlarına dair birgə protokol imzalandıqdan sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Babək Cahandarov