“Buta Airways” aviaşirkətinin livreyası və loqotipi təsdiq olunub – FOTO
Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “Buta Airways”-in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunub.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, “Buta Airways”-in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.
Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“Buta Airways” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunub.
“Buta Airways”-in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.
Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.
Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq. Eyni zamanda aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.
S.Xankişiyeva