İlham Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub - FOTO
Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.
Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılan, lakin ordumuzun şücaəti sayəsində azad edilən, dövlətimizin başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan bu kənd indi öz möhtəşəmliyi ilə diqqət çəkir. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ümummilli lider Heydər Əliyev tezliklə ölkədəki ağır vəziyyəti nəzarətə götürdü, ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atdı. Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü il yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna ötən ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı.
2016-cı ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən işğal altında qalan torpaqlarımıza qayıdıcağımıza bir daha əminlik yaratdı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işlərinin birinci mərhələsi artıq başa çatıb və Cocuq Mərcanlı öz sakinlərini qəbul etməyə hazırdır. Böyük Qayıdışın başlanğıcı olan bu kəndin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri yeni salınan kənd yolunun açılışı ilə başladı. Dövlətimizin başçısına məlumat verildi ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.
X X X
Sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində oldu. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir. Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Prezident İlham Əliyev Oqtay Həziyevin ailə üzvləri ilə söhbət etdi.
X X X
Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müdafiə naziri Zakir Həsənov, baş qərargah rəisi Nəcməddin Sadıqov və ikinci korpusun komandiri Mais Barxudarovla görüşdü.
X X X
Daha sonra dövlətimizin başçısı yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış oldu. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.
Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.
Məktəbdə Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan rayonun məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, vəhşilik, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.
Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdü.
Məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar salınıb. Bu məktəbdə dərs deyəcək müəllimlər və təhsil alacaq uşaqlar indi ikiqat sevinc hissi keçirirlər.
X X X
Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir.
Məsciddə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.
Sonra Prezident İlham Əliyev kəndin ərazisini gəzdi.
Qeyd edək ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.
1news.az