Ziyafət Əsgərov Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb
İyulun 6-da Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Avstriya əlaqələrindən danışan Z.Əsgərov bildirib ki, dövlət başçılarının qarşılıqlı rəsmi və işgüzar səfərləri, ölkələrimiz arasında imzalanan Memorandum əlaqələrin inkişafına şərait yaradıb. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu dostluq münasibətlərinin dərinləşməsinə özünəməxsus töhfə verir. Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan bu istiqamətdə bir sıra qlobal və regional layihələrə imza atıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov münaqişə ilə bağlı ətraflı məlumat verib. Erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, əsir və girovlarımızın aqibətindən, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ermənilərin ölkəmizdə törətdikləri çoxsaylı terrordan bəhs edib. Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətl edilən 2 yaşlı Zəhranın və onun nənəsinin Sahibə Quliyevanın faciəsindən söz açıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını diqqətə çatdırıb. Hazırda ATƏT-ə sədrlik edən Avstriyadan Dağlıq Qarabağ probleminin çözümündə ədalətli mövqe umduğumuzu deyib.
Avstriya parlamentində ən böyük və ən nüfuzlu müxalifət partiyasını təmsil etdiklərini bildirən Yohanes Hübner səmimi etiraf edib ki, hazırda ikili standartlar məsələsi beynəlxalq hüquqda özünü göstərir. Avropa Dağlıq Qarabağ münaqişəsini lokal məsələ kimi qəbul edir və düşünür ki, iki qonşu dövlət bu problemi öz aralarında həll etməlidirlər. Avstriya isə neytral siyasət yürüdür.
Sonra payızda Avstriyada keçiriləcək parlament seçkilərindən söz açan Yohanes Hübner bildirib ki, qələbəyə ümidlidirlər və Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar.
X X X
Avstriyalı deputatları həmin gün Milli Məclisdə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov ilə də görüşüblər.
Cavid Qurbanov qonaqlara Milli Məclisin fəaliyyəti, qəbul edilən qanunlar barədə ətraflı məlumat verib.
Ölkəmizlə bağlı məlumat verən deputata qeyd edib ki, Azərbaycan Şərqin ilk demokratik respublikasıdır, hüquqi, dünyəvi, unitar bir ölkədir. Xalqımız dinc qonşuluq şəraitində yaşamağa daim sədaqət nümayiş etdirir. 11 iqlimdən 9-nun mövcud olduğu ölkəmiz təbii sərvətlərlə çox zəngindir. Azərbaycan tolerant dövlətdir.
Sonra Cavid Qurbanov Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Qeyd edilib ki, iyul ayının 4-də işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin atəşə tutması nəticəsində Allahverdiyeva (Quliyeva) Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Ermənistan problemin nizamlanması ilə bağlı BMT-nin, Avropa Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymur və işğalçılıq siyasətini davam etdirir.
Görüşdən məmnun olduğunu bildirən Avstriya Parlamentinin deputatı Yohanes Hübner ölkəsində keçiriləcək parlament seçkilərindən danışıb və qeyd edib ki, bununla əlaqədar parlamentlərarası dostluq qruplarının görüşü 2018-ci ildə nəzərdə tutula bilər. Sonra qonaq əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.
Söhbət zamanı iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin deputatları Çingiz Qənizadə, Ülviyyə Ağayeva, Avstriya Parlamentinin deputatı Aksel Kasseger və digər rəsmi şəxslər iştirak ediblər.
X X X
Avstriyalı qonaqlar Milli Məclisdə beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüblər.
Komitənin sədr müavini Sevinc Fətəliyeva Azərbaycanın Avstriya ilə münasibətlərin inkişafına böyük önəm verildiyini bildirib. Müstəqil Azərbaycan dövlətinin Şərqlə Qərb arasında körpü rolu oynadığını qeyd edib. Hərtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Deputat Azər Kərimli dünyadakı siyasi proseslərə toxunub, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinin vacibliyinə dair fikirlərini bölüşüb, beynəlxalq siyasətdə ikili standartların doğurduğu acınacaqlı nəticələrdən danışıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə Yohanes Hübner siyasi məsələlərə dair fikirlərini açıqlayıb, Aksel Kasseger iqtisadi sahədə əməkdaşlıqla bağlı məsələlərə toxunub.
Görüşdə komitənin üzvü Bəxtiyar Əliyev də iştirak edib.
1news.az