İsveç-Azərbaycan Federasiyası Ermənistanın təxribatı ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu göndərib
İsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, etiraz məktubunda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir. İsveç-Azərbaycan Federasiyası etiraz mətktubunda beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar Erməni Silahlı Qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Azərbaycanın mülki əhalisinə qarşı bu cür hücumları həyata keçirən Ermənistan ordusunun Cenevrə Konvensiyalarının müddəalarını açıq şəkildə pozduğu və belə hallara qarşı mübarizə aparılmadıqda onların təkrarlanması təhlükəsinin yarandığı məktubda qeyd edilib. Ermənistanın uzun illərdir Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi, dinc əhalinin, o cümlədən qocaların, qadınların, körpə uşaqların qətlə yetirdiyi vurğulanaraq münaqişəyə dünya birliyi tərəfindən daha çox diqqət ayrılmasının, ölkəmizin haqlı mövqeyinin dəstəklənməsinin vacibliyi qeyd edilib.
Qeyd edək ki, etiraz məktubu BMT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, İsveç hökumətinə, İsveç Xarici İşlər Nazirliyinə, İsveçin Avropa İttifaqındakı Parlament nümayəndəliyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.
Babək Cahandarov