Ermənilərin təxribatı ilə əlaqədar Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçiriləcək
Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız шyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə bu gün Vaşniqtonda, Ermənistanın ABŞ-dakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.
Ermənistan ordusunun hücumunu və günahsız vətəndaşlara qarşı zorakı hərəkətləri pisləyən təşkilat bütün soydaşlarımızı etiraz aksiyasına qoşulmağa çağırıb.
Bu gün həmçinin, Nyu Yorkda, BMT-nin qarşısında da azərbaycanlıların etiraz mitinqi keçiriləcək. Aksiyada Amerika Azərbaycan Nyu York Assosiasiyası, Azərbaycan Qadınlar Assosiasiyası və digər təşkilatların nümayəndələri, eləcə də digər soydaşlarımız iştirak edəcək.
Hər iki aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunacaq, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan dövlətinin təcavüzkarlıq siyasətinə etiraz ifadə edən şüarlar səsləndiriləcək. Aksiya iştirakçıları təcavüzkar Ermənistana qarşı sərt sanksiyaların tətbiqi üçün beynəlxalq təşkilatlara müraciət etməyi planlaşdırırlar.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
Mehriban Əliyeva: Allah balaca Zəhraya rəhmət eləsin!
Körpə qatili ermənilər: Zəhranın ölümünə görə kim cavab verəcək? – ANALİZ
S.Xankişiyeva