Səfir: "Şəkini bəyənirəm, amma Quba cənnətdir, nağıllarda olduğu kimi”
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandın 1news.az-a müsahibəsi
- Cənab səfir, Azərbaycan-Pakistan siyasi münasibətləri yüksək səviyyədədir. Sizin fikrinizcə, digər hansı sahələrdə əlaqlərin inkişafına, gücləndirilməsinə ehtiyac var?
-Əslində hesab edirəm ki, biz münasibətlərimizi hansısa çərçivəyə salmalı deyilik. Yəni münasibətlərimiz hərtərəfli inkişaf etməlidir. Çünki bizim münasibətlərimiz hər zaman ölkə başçıları səviyyəsində irəlliləyib, genişlənib. Son 25 ildə üç Pakistan prezidenti və üç baş naziri Azərbaycana səfər edib. Xalqlarımız da bir- birini dəstəkləyir. Pakistan Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında göstərdiyi dəstəyi, Kəşmirlə bağlı mövqeyini yüksək qiymətləndirir. Ölkələrimiz arasında mənəvi, mədəni, tarixi bir bağlar var. Son zamanlarda iki ölkə arasında 16 müqavilə imzalanıb. Bu, o deməkdir ki, əməkdaşlığımız bir istiqaməti deyil, bütün istiqamətləri əhatə edir.
-Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana hər zaman dəstək verib və Ermənistanı bir dövlət kimi tanımır. Rəsmi İslamabad Qarabağ məsələsində bundan sonra hansı addımları atmağı düşünür?
“Pakistan Azərbaycana dəstək göstərməkdə davam edəcək”
- Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı və qətiyyətli şəkildə dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda, forumlarda bu dəstəyi açıq şəkildə bəyan edirik. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyirik. Pakistan mənəvi, siyasi diplomatik dəstəyini hər zaman göstərməkdə davam edəcək. Bunu vacib edən amillərdən biri budur ki, bizim problemimiz eynidir. Pakistanın Kəşmir, Azərbaycanın isə Qarabağ problemi var. Biz hər kəsdən daha əvvəl sizin ağrınızı, acınızı başa düşürük. Biz Ermənistanı bir dövlət kimi tanımamağa davam edəcəyik və diplomatik əlaqələr qurulmayacaq. Əslində, Kəşmir, Qarabağ münaqişələri bütün müsəlman dünyasının problemidir. Bu məsələləri İslam Əməkdaşlıq Konfransı Təşkilatında da müzakirə olunmalıdır.
Dünyada çox sürətli qlobal dəyişikliklər baş verir, ona görə də bu məsələnin ən qısa zamanda həllini tapması üçün müsəlman ölkələri birləşib, bunu İƏT-də və başqa forumlarda müzakirə etməli, orda daha əvvəl qəbul olunmuş qətnamələrin həyata keçirilməsi ilə bağlı bir sıra işlər görülməlidir. Yaxın zamanlarda İƏT XİN rəhbərlərinin görüşü olacaq, bu münaqişənin yenidən müzakirə olunması daha yaxşı olardı. Bilirsiniz ki, 2012-ci və 2014-cü illərdə Pakistan Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. 2012-ci ildə qəbul edilmiş qətnamə ilə Pakistan Xocalı soyqırımını tanıyıb. Ötən il isə Pakistan Senatının xarici əlaqələr komitəsi Ermənistanın Qarabağı qeyri-qanuni işğalı ilə bağlı bəyannamə ilə çıxış edib. Parlamentimizdə də belə bir sənəd qəbul olunub.
- Cənab səfir, siz münaqişələrin sülh yolu ilə həllinə inanırsınız?
-Biz münaqişələrin sülh yolu ilə həllini istəyirik. Çünki bu münaqişələr artıq siyasi deyil, insan hüquqları məsələsinə çevrilib.Ona görə ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın insan qaçqın və məcburi köçkün düşüb. Eyni məsələlər Kəşmirdə də hökm sürür. Ona görə də bu məsələlər insan hüquqları probleminə çevrilib. Qarabağ, Kəşmir problemi ilə əlaqədar olaraq BMT-nin Təhlükəsizlik Şurası bir sıra qətnamələr qəbul edib. Bu qətnamələr həyata keçməlidir.
Biz istəyirik ki, bütün münaqişlər sülh, danışıqlar yolu ilə həllini tapsın. Hər bir münaişəni sülh yolu ilə həll etmək mümkündür.
-Ermənilər bu il Dağlıq Qarabağda keçirdikləri qondarma “referendum”u Pakistandan olan müşahidəçinin izləməsi barədə yalan məlumat yaymışdılar. Pakistan XİN bunu təkzib edən bəyanat yaydı. Bu ay isə “prezident seçkiləri” keçirməyi planlaşdırılar. Onların yenidən Pakistanla bağlı təxribata əl atacaqları gözləniləndir. Sizcə bunda məqsədləri nədir?
-Məqsəd əlbəttə ki, bizim münasibətlərə xələl gətirməkdir. Amma heç nəyə nail ola bilməzlər. Dünyada elə bir ölkə yoxdur ki, həm onun parlamenti, həm də Senatı Ermənistanın işğalı ilə bağlı qətnamə qəbul etsin. Bizim mövqeyimiz sarsılmaz və dəyişməzdir. Bu məlumatlar hamısı yalandır. Əslində Ermənistan Dağlıq Qarabağı qeyri- qanuni olaraq işğalda saxlandığı üçün o ərazidə baş verən hadisələrlə bağlı verilən bütün məlumatlar da qeyri- leqal və saxtadır.
“Azərbaycan bizim üçün yeni bazardır”
-Azərbaycan son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı vacib islahatlar aparır. Bu sahədə iki ölkənin münasibətləri necədir?
-Azərbaycanla Pakistan arasında iqtisadi sahədə əməkdaşlıq inkişaf edir. Pakistandan bir sıra məhsullar Azərbaycana ixrac olunur. Meyvə-tərəvəz, tekstil, pambıq, gələcəkdə isə əczaçılıq, əməliyyat avadanlıqlarının, idman mallarının, dəri məmulatlarının Azərbaycana ixracı başlayacaq. Turizmlə bağlı da müəyyən inkişaf nəzərə çarpır.
Bundan əlavə, bu ay ərzində Bakıda Azərbaycan-Pakistan ticarət üzrə işçi qrupunun ilk iclası keçiriləcək. Pakistandan ticarət nazirinin başçılığı ilə 8 nəfərdən ibarət nümayəndə heyəti bu iclasda iştirak etmək üçün Bakıya gələcək.
-İşçi qrupunun iclasında hansı məsələlər müzakirə olunacaq?
-Tərəflər əsasən iqtisadiyyatın inkişafı üçün imkanları nəzərdən keçirəcəklər. Ticarət dövriyyəsinin artırılması üçün daha nələrin edilə biləcəyinə baxılacaq. 2017-ci ilin fevral ayında Prezident İlham Əliyevlə Pakistanın baş naziri Məhəmməd Navaz Şərif arasında keçirilən görüşdə qərara gəlindi ki, illik kapitalın həcmi 10 dəfə artırılsın. Bundan sonra isə birgə işçi qruplar yaradılması qərara alınıb. Kənd təsərrüfatı və başqa sahələrdə belə işçi qrupları yaradılacaq. Yəni işçi qrupları bütün sahələri əhatə edəcək. Pakistan daha çox Avropa və Amerikaya bazar kimi baxırdı. Tekstil, dəri məmulatlarını bu ölkələrə ixrac edir və onlarla biznes qurudu Azərbaycan bizim üçün yeni bazardır. İşçi qrupunun görüşü görüş də iki ölkə liderlərinin təşəbbüsü və göstərişi ilə keçirilir. Bildiyiniz kimi bizim liderlər arasında münasibətlər, siyasi, diplomatik əlaqələrimiz çox yüksək səviyyədədir. İki ölkənin Milli Məclisində Dostluq Qrupları fəaliyyət göstərir. Yəni siyasi əlaqələrimiz çox güclüdür və bunu digər sahələrə də yaymaq çox yaxşı olardı. Bu, həmçinin xalqlarımızı daha da yaxınlaşdıracaq.
“ASAN” vizanın tətbiqindən sonra bir çox insan Pakistandan Azərbaycana səfər etməyə başlayıb
- Turizm sahəsində müəyyən inkişafın olduğunu qeyd etdiniz. Bu sahədə hansı irəliləyişə nail olunub?
-ASAN viza sisteminin tətbiqindən sonra bir çox insan Pakistandan Azərbaycana səfər etməyə başlayıb. Hətta mənin dostum da hazırda burda səfərdədir. Bu sahənin inkişafı üçün vacib amillərdən biri birbaşa hava əlaqəsinin olmasıdır. Əvvəl bu, Türk Hava Yolları ilə həyata keçirilirdi, amma sonra dayandırıldı. Hava əlaqəsi olduğu halda çox insan Azərbaycana gələcək. Pakistan çox böyük ölkədir. Orda bir çox insan Qafqaz dağlarını görmək arzusundadır. Çünki bu bizim folklorun bir parçasıdır. Bəzi insanlar yay tətilində məhz Bakıya gəlir və mənim evimdə qonaq olurlar.
Turist şirkətləri Pakistana səfər edib, ordakı həmkarları ilə tanış olub, fikir mübadiləsi aparsalar, bu da turizmin inkişafında çox böyük rol oynayar. Bizim də gözəl bölgələrimiz var, azərbaycanlılar ora gedə bilər. Mənim Pakistandan olan qonağım Qubada oldu və çox bəyəndi.
-Turistlər üçün getdikləri ölkənin təhlükəsiz olması çox vacib şərtlərdən biridir. Azərbaycan bilirsiniz ki, sabit və təhlükəsiz ölkədir. Pakistan turistlərin təhlükəsizliyi üçün nə dərəcədə təhlükəsizdir?
-Pakistan əslində çox təhlükəsiz ölkədir. Hindistanla sərhəd xətti bir qədər təhlükəlidir, amma ölkəmizin özü turistlər üçün təhlükəsiz yerdir.
- Azərbaycanda ən çox bəyəndiyiniz məkan hardır?
“Şəkini bəyənirəm, amma Quba cənnətdir, nağıllarda olduğu kimi”
-Mən ilk dəfədir ki, burda yayı görürəm. Qışda Azərbaycan XİN-in təşkilatçılığı ilə Şəkidə səfərdə oldum. Bilirsiniz ki, həm də Pakistanın Gürcüstanda səfiriyəm və Azərbaycanın bölgələrini görmək üçün Gürcüstana maşınla getmişəm. Şəkini bəyənirəm, amma Quba cənnətdir, nağıllarda olduğu kimi, Qubaya vurğunam. Mən Qubada olanda həftəiçi idi, amma ordakı turist sayından çox təəccübləndim. Bu, o deməkdir ki, turizm Azərbaycanda inkişaf edir. Həmçinin, Pakistanda da elə mənzərəli, tarixi yerlər çoxdur, şərait də çox gözəldir, beş ulduzlu gözəl otellərimiz var. Pakistana daha çox ABŞ, Almaniya, Yaponiya, Birləşmiş Krallıq, Yunanıstandan turistlər gəlir. Avropalılar və amerikalılar yaşıllığı, dağları çox sevirlər. Pakistanda çox böyük tarixi mərkəzlər, beş min, üç min illik şəhərlər var və insanlar oraya böyük maraq göstərirlər. 20-dən çox məkan UNECKO-nun Mədəni İrs siyahısına daxil edilib.
-Birbaşa hava reysinin açılması müzakirə olunur?
-Mən hər zaman Xarici işlər Nazirliyinin əməkdaşları ilə görüşəndə vurğulayıram ki, hava əlaqəsinin olması insanları bir- birinə daha yaxın edəcək. Turizmin inkişafı üçün iki yol var. Birincisi, turist şirkətlərinin bir- biri ilə əlaqələr qurub, qarşılıqlı səfərlər etməsi,ikincisi isə hava əlaqəsi. Turist şirkətləri razılığa gəldikdən sonra hansısa hava şirkətlərini bu məsələyə cəlb edə bilərlər. AZAL-da bunu edə bilər. Məsələn, mən hər zaman AZAL-la uçuram. Bakı- Dubay- İslamabad çox gözəl bir bağlantı olardı. Amma birbaşa hava əlaqəsi olsa, bu, üç saatdan az zaman aparar və insan axını da daha çox olardı. AZAL Dubaya hər gün uçuş həyata keçirir, amma həftədə iki dəfə Bakı-Dubay-İslamabad reysi həyata keçirə bilər. Geri qayıdanda isə qayıdanda birbaşa İslamabad- Bakı reysi ilə uça bilər.
Səfər edən insanların sayı artdıqca birbaşa uçuşlara da başlamaq mümkündür. Azərbaycanın turist şirkətləri ölkənin 3-4 şəhəri haqqında məlumat versələr, Bakını təbliğ etsələr, bu kifayət edər. Kəraçidə 20 milyondan çox, Lahorda 15 milyondan, başqa şəhərlərdə 10 milyondan çox insan yaşayır. Təbliğatın aparılması Pakistandan Azərbaycana turist axını yaradar. Amma yenə qeyd edirəm ki, hava əlaqəsi ən böyük məsələlərdən biridir. Turizm sahəsi iqtisadi əlaqələrimizin inkişafında böyük bir rol oynaya, insanları bir- birinə daha çox yaxın edə bilər.
Əslində ölkələrimiz bir- birindən uzaqda olduğu üçün Pakistanda bir çox insan müraciət edir ki, Azərbaycana getmək təhlükəsizdirmi? Yəni onlar Qarabağ münaqişəsinə görə bunu soruşurlar. Təbii ki, insanların məlumatsız olması çox pisdir. Ona görə də təbliğatın aparılması vacibdir. Pakistan çox böyük ölkədir, 200 milyon əhalisi var. İki ölkənin bir-birindən yaralanması üçün çox gözəl imkanlar var.
Pərvanə Sultanova