Azərbaycanda Film Komissiyasının yaradılması mövzsuunda təqdimat keçirilib
British Council 2015-ci ilin aprel ayından etibarən Azərbaycanda həyata keçirdiyi Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılması mövzusunda təqdimat keçirib.
1news.az xəbər verir ki, kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi Azərbaycanda mədəniyyət sahəsində aparılan davamlı islahatlar sırasında prioritet istiqamətlərdən biri hesab olunur.
Film Komissiyasının yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Bu məqsədlə, cənab Fikrin Bəktaşi Avropa İttifaqının üç seçilmiş üzv ölkələrinə səfər edib, orada fəaliyyət göstərən Film Komissiyaları və dövlət orqanları ilə görüşlər keçirib, mövcud olan müxtəlif Film Komissiyası modellərinə dair müfəssəl məlumat toplayıb və müqayisəli araşdırma aparıb.
Film Komissiyası modelinin tətbiqi ətrafında ilkin fikir mübadiləsinin aparılması məqsədilə bugün Nizami Kino Mərkəzində cənab Fikrin Bəktaşi tərəfindən təqdimat keçirilib. Tədbirdə British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov, “Azərbaycanfilm” kinostudiyasının direktoru cənab Müşfiq Hətəmov, “Narimanfilm” kinokompaniyası rəhbəri Nəriman Məmmədov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rejissorlar Gildiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndələri iştirak ediblər.
Təqdimat zamanı açılış nitqi ilə çıxış edən British Council-ın Azərbaycan üzrə direktoru xanım Elizabet Vayt British Council-ın Azərbaycanda mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən, eləcə də Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində Film Komissiyası modelinin yaradılmasının ölkədə film sənayesinin inkişafına verəcəyi töhfələrdən bəhs edib.
Təqdimat zamanı mədəniyyət üzrə ekspert Fikrin Bəktaşi bildirib: “Avropa İttifaqının əksər üzv ölkələri Film Komissiyası yaratmaqla xarici kinematoqrafçıları öz ölkələrində film çəkməyə həvəsləndirməyə nail olublar. Nəticədə Aİ-nin dövlətlərində kino sahəsinə alternativ investisiyaların yatırılmasına, xarici kinematoqrafçılarla yerli kino peşəkarları arasındakı iş birliklərinin genişləndirilməsinə, regionlarda turizmin inkişafına və regionlarda yeni iş yerlərinin yaradılmasına nail olublar. Avropa təcrübəsini əsas alaraq ölkəmizdə də Film Komissiyası modelinin yaradılmasının Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi baxımından əvəzsiz rolu olacağını düşünürük”.
Tədbirin sonunda media nümayəndələrin və iştirakçıları təklif və təşəbbüsləri qeyd edilib, sualları cavablandırılıb.
P.Sultanova