Xristofor Kolumbun məktubunun surəti hərracda 751,5 min dollara satılıb
Xristofor Kolumbun Amerikanın kəşfi ilə əlaqədar yazdığı və illüstrasiyalarla müşayiət olunan məktubunun nadir surəti ABŞ-da keçirilən hərracda 751,5 min dollara satılıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun “Bonhams” satış evinin mətbuat katibi Kim Sun Xinin sözlərinə görə bu, hərraca çıxarılan belə lotlardan əldə edilən rekord gəlirdir.
Həmin məktub İspaniya xəzinədarı Araqon Qabriel Sançesə ünvanlanıb və ispan dilindən latın dilinə tərcümə edilib. İllüstrasiyaların birində dəniz səyyahının özü təsvir olunub. Kolumb kəşf etdiyi adaların Atlantik okeanında deyil, Hind okeanında olduğunu zənn etdiyindən məktubda xarakterik səhv buraxıb.
Satış evinin məlumatına əsasən, Xristofor Kolumbun bu məktubu 1493-cü ildə İspaniya, İtaliya, Fransa, İsveçrə və Niderlandda azı 12 dəfə, 1494-1497-ci illərdə isə daha 6 dəfə çap edilib. Son 80 ildə bütün dünyada cəmi dörd belə nümunə hərraca çıxarılıb.
Xatırladaq ki, dəniz səyyahı Xristofor Kolumb 1492-ci il oktyabrın 12-də “Ninya” və “Pinta” karavellalarında, həmçinin üçdorlu “Santa-Mariya” gəmisində Baham adalarına çataraq avropalılar üçün Yeni Torpaqları kəşf etmişdi.
Babək Cahandarov