Sərbəst güləşçilərimiz Qitələrarası Kubok beynəlxalq turnirində iştirak edəcək
Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarusiya idmançılarının iştirakı gözlənilir.
Yığma komandanın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcək.
Babək Cahandarov