Yaradıcı ruhlu qazmaçı - FOTO
Bu dəfəki həmsöhbətimiz olduqca peşəkar, savadlı və bir o qədər də maraqlı şəxsiyyət: SOCAR-ın “Kompleks Qazma İşləri” Tresinin ("KQİT") Qazma üzrə müşaviri Anar Abdullayevdir
2003-cü ildən bu sahədə çalışan Anar müəllim, öz bilik və bacarıqlarını həm xaricdə, həm də Vətənində tətbiq edib, sıravi mühəndislikdən çalışdığı Trestin qazma üzrə müşaviri vəzifəsinədək yüksəlib. Anar Abdullayevin nə qədər çoxtərəfli bir şəxsiyyət olmasını – böyük səhnələrdən verdiyi mesajlarla vətənpərvər ruhlu bir nəsil yetişməsində müstəsna rolundan tutmuş, qazma yataqlarındakı fəaliyyətinə kimi, hər yerdə öz bacarıqlarını əks etdirməsini çoxları bilmir. Lakin bu barədə bir qədər sonra...
Hazırda 38 yaşı olan Anar Abdullayevin tələbəlik illəri Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) akademik Azad Mirzəcanzadə tərəfindən yaradılan xüsusi qrupla bağlıdır. Yalnız 14 nəfərdən ibarət bu ixtisaslaşdırılmış qrupa qəbul olmaq isə heç də asan deyildi. Anar müəllim uğurlarının başlanğıc nöqtəsinin həyatının bu dövrü ilə bağlı olduğunu düşünür.
“Mənim özüm üçün ən maraqlısı – Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) qəbul olunmağımdır. Həkim ailəsində böyüdüyümə görə, valideynlərim mənim də həkim olacağımı düşünürdülər. Paralel olaraq, mən Maliyyə-İqtisad Kollecində də oxuyurdum. Akademiyaya getməyimə isə oradakı tələbə yoldaşım səbəb oldu. Biz, çox möhkəm dostlaşmışdıq və o, məni Neft Akademiyasında birlikdə oxumağa həvəsləndirdi. Hətta, valideynlərim sənədlərimi ADNA-ya verdiyimdən və buraya qəbul olunduğumdan da bir müddət xəbərsiz idilər”.
Valideynləri Anarın bu seçiminə qarşı çıxmasalar da, yenə də, narazı qalırlar. Onun arzularını və həyatını dəyişdirən dostu isə heç bir universitetə qəbul olunmadığından, məcburən, Avstriyaya köçür. Beləliklə, Anar, birgə tələbə olmaq xəyalları qurduqları dostunu bir daha görmür və Akademiyadakı təhsilini təkbaşına davam etdirməli olur.
“Əvvəllər hər şey çox maraqlı idi. Dediyim kimi, qəbul olunduğum qrup xüsusi ixtisaslaşmış idi. Azad müəllim özü də biliyinə, intellektinə görə unikal bir insan idi. Mühazirələr olduqca fərqli keçirilirdi. O, fənnin özü haqqında çox az danışır, daha çox bizə onun fəlsəfəsi və qloballığını izah etməyə, öyrətməyə çalışırdı. Biz də, bir tərəfdən, onun dərslərində çox ehtiyatlanırdıq, çünki hər an tələbələrə sual verə bilərdi, digər tərəfdən isə mühazirələrinə maraqla qulaq asırdıq”.
Məhz akademik Azad Mirzəcanzadənin özünəməxsus təlim-tədrisi sayəsində, Anar oxuduğu sahəni sevməyə başlayır. O qədər sevir ki, hətta, sonralar Sibirdə və Səudiyyə Ərəbistanında çox ağır şəraitdə, dondurucu şaxtada və ya yüksək hərarətli iqlim zonalarında çalışmağa belə razı olur. Amma bütün bunlardan əvvəl, tələbəlik dövründə, Anar daha bir maraqlı və unudulmaz təşəbbüsün parçasına çevrilir. Artıq Azərbaycan musiqi tarixində Rep janrının klassiklərinə çevrilmiş və o dövrdə Azərbaycanda, xüsusən də, gənclər arasında çox məşhurlaşan “Dəyirman” qrupunun yaradıcı üzvlərindən biri olur:
“1995-ci ilin sonları idi. Sovet İttifaqının dağılması özü ilə informasiya sərhədlərinin açılmasını və Qərbdən müxtəlif növ məlumat axınını gətirdi: filmlər, yeni musiqi janrları, dəb və s. Bizim də zövqümüzün formalaşan dövrü idi. Bu səbəbdən, özümüzü ABŞ–ın aparıcı janrlarından biri olan Rep musiqisində tapdıq. O vaxtlar, bu musiqi janrı əsas kütlə üçün yad və qeyri-adi idi. Çoxlarının xoşuna gəlmirdi, çox nadir halda, bu janrı bəyənən birini görmək olardı. Amma qrupun digər üzvləri kimi, mənim də ruhuma ən yaxın olanı bu idi. Əvvəl-əvvəl, biz bəyəndiyimiz ifaçıların musiqi albomlarını bir-birimizə ötürür, onları dinləyirdik. Sonradan, adi dinləyicilikdən ambisiyalar yüksəlməyə başladı və biz özümüzü ifaçı kimi sınamağa başladıq. Ev şəraitində ilk “albom”un yazılmasına cəhd etdik. Musiqilərə əsas mövzu kimi, hələ ki, yeni və ağrılı olan 20 Yanvar faciəsini götürdük. Ətrafımızdakı dost-tanışlar bizim uğurumuza inandıqlarını deyir və fəaliyyətimizi ictimailəşdirməyə təkid edirdilər. Beləliklə, “albom” tamamlandıqdan sonra qərar verildi ki, o vaxtlar, özünü vətənpərvər kanal kimi mövqeləndirən ANS TV-yə müraciət edək. Onlar da, öz növbəsində, albomumuzu dinləyib, yaşımızı və fikirlərimizi müqayisə etdikdə, sözün yaxşı mənasında, təəccüblənmişdilər. İş belə gətirdi ki, vətənpərvər ruhda yazılan musiqimizi bəyənən bu kanalın vasitəsilə bizim ilk peşəkar albomumuz geniş dinləyici auditoriyasına çatdı. Mən çox sevinirəm ki, həyatımda “Dəyirman” olub və bizim formalaşmağımıza böyük töhfə verib. Bu, mənim həyatımın çox parlaq, ambisiyalı və yaddaqalan bir parçası idi”.
Ortaq dostlar vasitəsilə tanış olan qrup üzvləri gənc yaşlarına baxmayaraq, kütləvi əhəmiyyət daşıyan yetkin fikirlər ətrafında toplaşmışdılar. Anar müəllim özü də, indi həmin günlərə nəzər yetirəndə, o yaşda toxunduqları məsələlərə çox təəccüblənir. Onun sözlərinə görə, indiki gənclikdən fərqli olaraq, onlar tam mərkəzdə dayanırdılar: nə çox düzgün və tərbiyəli, nə də ki, tam özbaşına və məqsədsiz...
“Bizi tələbəlik həyatı yox, məhz dinlədiyimiz, o vaxt üçün “yeraltı” hesab olunan musiqi birləşdirirdi. Bizdə vətənpərvərlik hər zaman ən yüksək nöqtədə idi. Qrupdakı yoldaşlarımla birlikdə, onunla seçilirdik ki, bu məsələyə bir qədər fərqli yanaşırdıq: Qarabağ üçün doğurdan da çox narahat olurduq. Millət olaraq, çeçenlərdə və ya türklərdəki kimi bizdə nədən kollektiv düşüncənin olmadığını fikirləşirdik, buna uyğun sözlər yazırdıq. Fəxr edirəm ki, sonradan “başımızın çox ağrımasına” baxmayaraq, “Ya Qarabağ, ya ölüm” kimi bir əsəri yaratdıq. Hətta, mərhum ümummilli liderimiz Heydər Əliyev də çıxışlarının birində “Ya Qarabağ, ya ölüm: başqa yolu yox artıq” şüarımızı olduğu kimi səsləndirmiş və sonradan bu əsər, az qala, hərbi marşa çevrilmişdi. Şahidi olmasam da, deyirdilər ki, bu mahnı, hətta, məktəblərdə ibtidai siniflərin proqramına da salınmışdı. Bütün bunlar və bizim yaddaşlarda hələ də vətənpərvər bir qrup kimi qalmağımız, sözsüz ki, çox xoşdur. Bir məqamı vurğulamaq istəyirəm ki, bizim musiqimizlə dünya görüşünü dəyişib, vətənpərvərlik hissini aşıladığımız bir çox insanları şəxsən tanıyıram”.
İllər ərzində səhnədə oxumasına və böyük dinləyici kütləsinə səslənməsinə baxmayaraq, Anar, qrupdakı digər yoldaşlarıyla müqayisədə, özünü əsl musiqiçi hesab etmir. Gənclik illərinin bu dövrünü o, sadəcə, asosial olmaması, vətənpərvərlik hisslərinin önə çıxması və musiqiylə ifadə olunması kimi qəbul edir.
Anar Abdullayev hesab edir ki, əsl peşəsi - qazmaçıdır
Onun sözlərinə görə, bu peşə sahiblərinin burulğanlı həyatında musiqi tez-tez dəyişə bilər. Təhlükəli anlarda qazmaçının musiqisi ağır rok, yaxşı havalarda, işlər axarlı olduğunda, sakit zümzümə olur. Ümumiyyətlə, qazmaçılar təbiətən cəsur, məntiqli, vətənpərvər, məsuliyyətli, ambisiyalı və komandada işləməyi bacaran insanlardır.
“Quyu tikintisində layihə üzrə təyin edilmiş icra müddəti var. Sifarişçi və Layihəçilər tərəfindən müəyyən vaxt qoyulur ki, məsələn, filan gün ərzində quyu qazılıb, Sifarişçiyə təhvil verməlidir. Əgər hər hansı səbəbdən gecikmə baş verirsə, bu mexanizm sənə qarşı işləməyə başlayır. Buna görə də, texniki tapşırıqlar diqqətlə analiz olunmalı, bütün ehtimal edilən risklər, qeyri-müəyyəniklər aşkar edilməli və işlər əvvəlcədən maksimum dəqiqliklə planlaşdırılaraq, nəzərdə tutulan vaxt ərzində, quyu keyfiyyətlə qazılıb-bərkidilib, Sifarişçinin növbəti mənimsəmə işləri üçün təhvil verilməlidir. Qazma işinin həyəcanı da məhz bundadır”.
Bir vaxtlar, qazmaçı olaraq, quyularda ağır şəraitdə çalışmış Anar müəllim, artıq daha rahat, amma daha məsuliyyətli işlərə cavabdehdir. Zəka, bilik, eləcə də, praktiklik tələb edən bu öhdəlikləri, o, böyük məmnunluqla yerinə yetirir və keçmiş günlər üçün darıxmadığını deyir. Çünki əməyinin qazma işinin inkişafına daha çox fayda verdiyini anlayır.
“Trestimiz (“KQİT”), Respublikada həm coğrafi, həm iş həcmi baxımından, qazma işini həyata keçirən ən böyük təşkilatlardan biridir. Mən artıq Trestimizin uğuruna cavabdeh şəxslərindən biriyəm. Daha dəqiq desək, təyin edilmiş müddətlər, işə maksimum dərəcədə düzgün yanaşma, yeni texnologiyaların tətbiqi və təkmilləşdirilməsi: saydığım bütün bu proseslərdə artıq mənim iştirakım var. Əvvəllər mürəkkəb şəraitdə çalışan qazmaçı işinin, müasir tipli avadanlıqlar və müasir metodlar sayəsində, asanlaşdığını görmək mənim üçün çox xoş olur”.
Daim yenilikçi və yaradıcı təbiətə malik Anar müəllimin bu xüsusiyyəti işində də ön plana çıxır. Onun sonuncu layihələrdən biri də SOCAR-ın “Xarici Təqaüd Proqramı” (XTP) ilə xaricdə təhsil almış tələbələrdən yaratdığı xüsusi analitik qrupdur:
“Əslində, bu tip qruplar beynəlxalq şirkətlərdə mövcuddur. Hazırda bunu pilot layihə kimi hazırlamışam. Şirkətimizin dəstəyi ilə İngiltərə, ABŞ və başqa xarici ölkələrdə oxuyan tələbələrimiz var ki, onlar XTP-nın tələblərə uyğun olaraq, Vətənə qayıtmalı və öyrəndiklərini SOCAR-da tətbiq etməlidirlər. Bir qayda olaraq, onların hər biri müxtəlif şöbələrdə çalışırlar. Mən isə öz pilot layihəmdə bu işçiləri “Land Mark” proqramı ətrafında birləşdirib, “Well Plan” analitik layihə qrupunu yaratmışam. Qrup tərəfindən hər bir qazılan quyu üçün beynəlxalq standartlara cavab verən qazma işi proqramları hazırlanır. Həmin proqramların istehsalat prosesinə göstərdiyi müsbət təsirin şahidi oluruq”.
Qeyd olunan layihə qazma proqramını daha da təkmilləşdirmək məqsədi daşıyır. Çalışma prosesində Anar müəllim, gənc həmkarlarının işlərini, yanaşma tərzlərini çox bəyənir, amma bütün bunları illərlə qazanılmış təcrübə və biliklə taclandırmaq tələbini unutmur. Bununla belə, o, yenə də, gənclərə mütləq şans və məsuliyyət verilməsinin tərəfdarıdır. Artıq təcrübə sahibi biri olaraq, Anar müəllim, gənc qazmaçılar və bu işə yiyələnmək istəyən gənclərlə 3 başlıca sirri bölüşür:
“İlk öncə Komandada işləmək bacarığı mütləqdir. İddia ola bilər. Amma sən dəqiqliklə anlamalısan ki, hər şey səndən asılı ola bilməz, sən hər şeyi tək başına öz öhdəliyinə götürməli deyilsən. Əlbəttə, nəticə etibarilə, işi bölüşdürmək lazımdır. O zaman düzgün işə salınmış mexanizm olacaq və təcrübə də elə budur.
İkinci və ən əsas olaraq, onu deyə bilərəm ki, qazmaçı yeni texnologiyanın nəbzini daim nəzarətdə saxlamalıdır. Vaxtaşırı, hər bir üsul və ya avadanlıq köhnəlmiş ola bilər. Hətta, xarici universitetlərdə təhsil almış gənclər belə, müntəzəm olaraq, texnoloji yenilikləri izləməlidirlər”.
3-cü olaraq, Anar müəllim qazma sahəsində çalışan həmkarlarına şəxsi həyatlarını unutmamağı məsləhət görür. Çünki hər bir qazmaçı kimi, Anar Abdullayev də sıx iş qrafikindən ailəyə, şəxsi həyata çox vaxt ayırmağa imkan olmadığını bilir. Amma onun fikrincə, yenə də, həyatda qazmadan və işdən savayı da önəmli şeylərin olduğunu unutmamaq lazımdır.
Anar müəllim “Bulla-dəniz” yatağının 123 saylı quyusunun işlənməsini həm 15 illik karyerasında, həm də ölkə miqyasında həyata keçirilən ən uğurlu layihələrdən biri hesab edir. Belə ki, 6153 metrlik quyu öncədən planlaşdırılan 296 gün yerinə, rekord müddətə - 227 günə qazılıb və quyu yüksək debitlə "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nə istismara təhvil verilib. O, SOCAR-da çalışmağa başlayanda narahatlıq duyduğunu dilə gətirsə də, hazırda bu şirkətin əməkdaşı olaraq, KQİT-in Müdiri İsgəndər Şirəli, Baş mühəndisi Fazil Ramazanov, İstehsalat üzrə müdir müavini Saday Allahverdiyev və Müşavirimiz Ədalət İmaməliyev kimi yüksək peşəkarlar arasında inkişaf etmək şansının onun üçün böyük fəxr olduğunu etiraf edir:
“İlk zamanlar məni xaric daha çox cəlb edirdi. Qeyd edim ki, vaxtilə, Qərbi Sibirdə “BK Sever” qazma şirkətində Qazmaçı köməkçisi, daha sonra Maili qazma mühəndisi kimi, o cümlədən, “Nijnevartovskneftegeofizika” müəssisəsində Geofizika partiyasının rəisi vəzifəsində işləmişəm. Rusiyada iş fəaliyyətim, Moskva şəhərində yerləşən “Smit Avrasiya” şirkətində Qazma üzrə mühəndis olaraq, davam edib. Səudiyyə Ərəbistanında isə Ras-əl-Zour şəhərindəki “Maaden Mining Company” şirkətinin "PAP 301" layihəsində Əməyin mühafizəsi üzrə mühəndis çalışmışam. O zamanlar düşünürdüm ki, görəsən, bura gəlməklə doğrumu etmişəm?! Lakin vaxt keçdikcə, artıq bu gün, mən qürurla və əminliklə deyə bilərəm ki, Azərbaycanda bu sahədə yüksək səviyyəli peşəkarlar çalışır. Xaricdə işləyəndə, bəlkə də, hansısa düymələrin nə işə yaradığını öyrənə bilərdim, amma bu prosesin mahiyyətini anlamaq, hiss etmək yalnız burada mümkün oldu”.
Uzun illər qürbətdə çalışan Anar müəllim, dost-tanışlarının “niyə yenə də xaricə işləməyə getmirsən?” sualına isə belə cavab verir:
“Mən maliyyəyə bağlı biri deyiləm, heç vaxt əmək haqqının məni idarə etməsinə imkan vermirəm. Mənim üçün ən əsası öz əməyimin bəhrəsini görmək və işimdən həzz almaqdır. Artıq şahidi oluram ki, SOCAR indi mənim nə vaxtsa xaricdə çalışmaq istədiyim şirkətə çevrilir. Bəlkə də, iddialı səslənə bilər: amma hiss edirəm ki, bu prosesdə işlədiyim kollektivin və mənim də payım, faydam var”.