Musa Qasımlı: Türkiyə vətəndaşlarının bu addımı ölkələrimiz arasındakı münasibətlərə xələl gətirməyə yönəlib
Türkiyənin dörd vətəndaşının Ermənistan ərazisindən keçməklə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin erməni mənşəli üzvü Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar haqlı olaraq Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb.
Bundan başqa, narazılıq doğuran digər məqam Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə parlamentinin CHP partiyasından olan üç deputatının ölkəmizə dair qərəzli sənədlərin lehinə səs verməsidir. Bu addımlar, ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, bu addımlar Türkiyə hakimiyyətini gözdən salmağa çalışan qüvvələrin planlarının tərkib hissəsidir. Bu mənfur planı həyata keçirənlər Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən şəxslərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Musa Qasımlı bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri xoşagəlməz nəticələr doğurur. Onlar, ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar. İkincisi, həmin şəxslər bu davranışları ilə Azərbaycan ilə Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərin Türkiyə kütləvi informasiya vasitələrində səfər təəssüratları haqqında geniş müsahibələr vermələri, ermənilərin qonaqpərvərliyindən danışmaları məlum dairələrin həmin planı düşünülmüş şəkildə həyata keçirdiklərini bir daha təsdiq edir.
Lakin ən çox təəssüf doğuran hal Türkiyənin müvafiq qurumlarının buna münasibətdə seyrçi qalması və ciddi tədbir görməməsidir. Unutmaq olmaz ki, ermənilər uydurma soyqırımı, Türkiyəyə qarşı əsassız ərazi iddialarından əl çəkməyəcəklər. Ermənilər daim kürd-türk düşmənçiliyini qızışdırıblar və bu işi indi də davam etdirirlər. PKK-nın içərisində olanların çoxu ermənilərdir.
Musa Qasımlı vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyənin müvafiq qurumları tədbirlər görməli, Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları barədə hüquq çərçivəsində iş başlatmalı və beləliklə, işğal olunmuş ərazilərimizə gələcəkdə səfər etmək istəyən digər vətəndaşlarını da belə qanunsuz addımlardan çəkindirməlidir.
Qardaş Türkiyə xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını ən yüksək səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Buna dair çoxlu misallar gətirmək olar. Eyni zamanda, ölkəmizin tanınmış siyasi, ictimai və elm xadimləri də heç bir zaman Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlərdə Azərbaycan öz dəstəyini heç zaman əsirgəməyib. Bir azərbaycanlının olduğu elmi, siyasi və ictimai toplantıda kimsə Türkiyənin və qardaş türk xalqının əleyhinə danışmağa cürət etməyib. Buna cəhd edənlər dərhal yerində oturdulub. Azərbaycan ictimaiyyətinin də Türkiyənin müvafiq qurumlarından eyni mövqe göstərməyi gözləməyə haqqı var.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşlar, AŞPA-da Azərbaycan əleyhinə səs vermiş deputatlar barəsində müvafiq tədbirlər görülməyəcəyi təqdirdə münasibətlərin perspektivlərinə kölgə düşə bilər. Ölkələrimiz arasında münasibətləri xalqlarımız müəyyən etdiyi üçün qardaş türk xalqının öz qəti mövqeyini bildirməsi də gözləniləndir. Azərbaycan ictimaiyyətinin həmin şəxslərin hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşılmamalı, iki qardaş ölkə arasındakı münasibətlərin ruhuna uyğun hərəkət edilməlidir.
1news.az