Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO

14:16 - 19 / 10 / 2017
Kimsəsiz, gəzə bilməyən bacılar mərhəmətli insanlardan kömək gözləyir – FOTO – VİDEO

Bakıda kimsəsiz, xəstə olduqları üçün gəzə bilməyən bacıları görənlərin ürəyi parçalanır.

Söhbət Maştağa qəsəbəsində kiçik, təmirsiz evdə yaşayan Nərgiz və Firəngiz İmranova bacılarından gedir.

Soyuq, heç bir şəraiti olmayan evdə tənha yaşayan bacılara kömək edəcək bir kimsələri yoxdur. 10 il bundan əvvəl anaları soyuq dekabr ayında, Firəngizin doğum günü vəfat edib və bacılar yetim qalıblar.

Nə qədər ehtiyac içində yaşasalar da bir neçə pişiyi himayələrinə götürüb, hətta onlar üçün kiçik evcik də hazırlayıblar. Bu isə bacıların necə böyük, mərhəmətli ürəyə sahib olmalarından xəbər verir.

Qeyd edək ki, bacıların kiçiyi olan Nərgizin yaxşı əl qabiliyyəti var. Evlərinin yeganə bəzəyi də onun çəkdiyi rəsm əsərləridir.

Ayaqları işləmədiyindən əlləri ilə itələnərək və yaxud da yerdə sürünərək hərəkət edirlər. Onların xəstəliyinin səbəbi isə hələ də məlum deyil.

Bacılar əlilliyə görə aldıqları təqaüdlə sözün həqiqi mənasında həyat mübarizəsi aparırlar. Aldıqları kiçik məvacibin yarısı da kommunal xərclərin ödənməsinə gedir. Buna görə də bacıların çox vaxt dərman, paltar, qida məhsulları almağa denmək olar ki, pulları olmur. Çox az tanışlarının və qonşuların yardımı olmasaydı bəlkə də artıq həyatda olmayacaqdılar.

Bir şey dəqiqdir – bu insanların köməyə, xüsusən də müalicə olunmalarına ehtiyacları var. Elektrikli əlil arabalarının olması isə onlar üçün böyük bir arzudur. Təsəvvür edin ki, biz xırda şeylərə, məsələn, havaya görə narazılıq etdiyimiz halda onlar əlil arabası arzu edirlər!

“Biz çox şey istəmirik. Özümüzün qeydinə qala bilirik. Lakin indi hətta bir otaqdan o birinə keçməkdə belə çətinlik çəkirik”- deyə, bacılar bildirir.

Bacılar kiminsə onlara yazığının gəlməsini də istəmirlər. Onlar sadəcə xeyirxah, mərhəmətli, onların dərdini bölüşən və onlarla səmimi söhbət edən insanlara ehtiyac duyurlar. Çox ümid edirik ki, bu cür insanlar tapılacaq və tezliklə bacıların həyatında yaxşı mənada yeni bir mərhələ başlayacaq.

Bacılara kömək etmək istəyənlər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Firəngiz: (070) 580-59-14

Nərgiz: (070) 713-97-85

1news.az

Paylaş:
1308

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər