“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir “Haffinqton Post” qəzetində dərc olunan məqalədə əksini tapıb.
Məqalədə bildirilir ki, siyasi sabitlik, sürətlə inkişaf edən iqtisadiyyat və digər amillər Azərbaycanı sərmayədarlar üçün cəlbedici ölkəyə çevirib. Məqalənin müəllifi, fransız jurnalist Sebastian Basua yazır ki, Odlar Yurdu Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib. Dünyəvi müsəlman ölkəsi, bütün azlıqlara açıq, neft və qazla zəngin Azərbaycan yalnız bunlarla kifayətlənə bilməzdi. Regional gücə çevrilən Azərbaycanda iqtisadiyyat şaxələndirilir, bu istiqamətdə böyük uğurlar qazanılıb. Kim təsəvvür edə bilərdi ki, 30 ildən az müddətdə müstəqil Azərbaycan Qafqazda iqtisadi cəhətdən qüdrətli dövlətə çevriləcək?
Yazıda bildirilir ki, Azərbaycan beynəlxalq qurumların tərəfdaşına çevrilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən sonra ölkə indi də Avropayadək uzanacaq yeni qaz xəttinə böyük investisiya yatırır. Azərbaycan iqtisadiyyatını şaxələndirməyi, xarici investorları cəlb etməyi, yerli məhsulların ixracını stimullaşdırmağı qarşıya məqsəd qoyub. İstənilən ölkə üçün karbohidrogen ehtiyatlarından asılılığı 34 faizədək azaltmaq, ümumi daxili məhsulun xeyli hissəsini təmin edən möhkəm qeyri-neft iqtisadiyyatı qurmaq inanılmazdır. Azərbaycanda isə bu, reallıqdır.
Azərbaycanın sərmayədarlar üçün cəlbedici ölkə olduğunu yazan Sebastian Basua bunu bu amillərlə əlaqələndirir: Siyasi sabitlik, sürətlə inkişaf edən iqtisadiyyat, xarici borcun azlığı, strateji geosiyasi vəziyyət, işsizliyin aşağı səviyyədə olması, işçi qüvvəsinin yaxşı ixtisas səviyyəsi, genişlənməkdə olan rahat nəqliyyat, turizm sənayesinə dəstək. Diqqətə çatdırılır ki, İpək yolu Azərbaycanın keçmişi deyil, gələcəyidir. Azərbaycan həm də orijinal turizm istiqamətlərinə çevrilir. Azərbaycan Qafqaza açılan qapı, Mərkəzi Asiyanın çıxış nöqtəsidir.
1news.az