Said Xan Mohmand: Həm Dağlıq Qarabağ, həm də Kəşmir münaqişəsi insanlıq faciəsidir
Oktyabrın 27-si Pakistan İslam Respublikasında Kəşmirin Qara günü kimi qəbul olunur.
1news.az xəbər verir ki, bununla bağlı Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.
Əvvəlcə Kəşmirin işğalı haqqında sənədli film nümayiş etdirilib. Daha sonra çıxış edən səfir Said Xan Mohmand Dağlıq Qarabağla Kəşmir problemləri arasında müqayisə apararaq Dağlıq Qarabağın Ermənistan, Kəşmirin isə Hindistan tərəfindən işğal edildiyini deyib və bunların hər ikisinin insanlıq faciəsi olduğunu vurğulayıb.
Diplomat əlavə edib ki 27 oktyabr 1947-ci il insanlıq tarixində qara günlərdən biridir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq bu gün də orda vəhşiliklər davam edir:
“Kəşmirdə insan haqları tapdanıb, BMT-nin orada şəffaf və azad tədqiqatlar aparmasına ehtiyac var. Təkcə ötən ilin iyunundan bu ilin sentyabrına kimi Hindistan ordusu 463 nəfəri öldürüb, 20 mindən çox insan yaralanıb, 200 nəfərdən çox insan isə atılan zəhərli güllələr nəticəsində görmə qabiliyyətini itirib, qadınlara qarşı zorakılıq halları baş verib”.
Atrıq 70 ildən çoxdur bu münaqişənin öz həllini tapmadığını deyən səfir bildirib ki, Hindistan BMT TŞ-nın qətnamələrinə hörmətlə yanaşmalı, onları həyata keçirməyə çalışmalıdır.
Səfir onu da vurğulayıb ki, Pakistan Cammu Kəşmir problemi həll olunana kimi öz dəstəyini davam etdirəcək.
P.Sultanova