Erməni rəqqas 37 ildən sonra doğmalarını görmək üçün Bakıya gəlir- FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni rəqqas 37 ildən sonra doğmalarını görmək üçün Bakıya gəlir- FOTO

Feliks Vişnevetskiy17:26 - Bu gün
Erməni rəqqas 37 ildən sonra doğmalarını görmək üçün Bakıya gəlir- FOTO

İkiqat dünya çempionu, idman rəqsləri üzrə üçqat Avropa çempionu Arsen Aqamalyan Bakıya səfəri ilə bağlı “Instagram” sosial şəbəkəsində paylaşım edib.

O, “Azerbaijan Dance Festival 2026” beynəlxalq festivalında iştirak edəcək.

1news.az xəbər verir ki, A.Aqamalyan sosial şəbəkə hesabında həyat yoldaşı Oksana Vasilyeva ilə birlikdə Azərbaycan paytaxtına yola düşdüyünü və burada “Karmen” və “Besov” adlı iki rəqs nömrəsi ilə çıxış edəcəyini bildirib:

“Atamın anamla tanış olduğu və ona aşiq olduğu şəhərə uçuram. Onlar idman fakültəsində oxuyublar: atam futbolçu, anam isə idman gimnastikası ilə məşğul olan idmançı olub. Mən atamla anamın gənc və xoşbəxt olduğu şəhərə uçuram. Mənim doğulduğum, bacım Renanın dünyaya gəldiyi şəhərə”.

Rəqqas qeyd edib ki, atası vaxtilə Qarabağın Ağdərə şəhərindən Bakıya gəlib, anası isə Bakıdan olan rusdur.

“Mən pafoslu şəkildə yaza bilərdim ki, ora öz övladlarımız naminə uçuram, gələcəkdə mənim övladlarımın və azərbaycanlı uşaqların müharibə etməməsi üçün az da olsa, öz töhfəmi vermək istəyirəm... Yaza bilərdim ki, dekabrın 1-də Ermənistanda idman rəqsləri üzrə dünya çempionatı keçiriləcək və orada Azərbaycanın təmsilçiləri də iştirak edəcəklər. Mən isə bir erməni olaraq dünya çempionatından bir ay əvvəl Azərbaycana uçuram ki, göstərim: biz rəqs və incəsənət vasitəsilə ünsiyyət qura bilərik”, – deyə Arsen Aqamalyan bildirib.

A.Aqamalyan iki yaşına qədər Bakıda, daha sonra isə Xankəndidə yaşadığını söyləyib:

“Dağlıq Qarabağ – atamın vətəni. Köçümüz sonradan baş verən hadisələrlə əlaqəli deyildi. Sonralar münaqişə, gərginliyin artması, atəşə tutulmalar, blokada və 1992-ci il gələcəkdi. Həmin vaxt Ermənistana və Rusiyaya gedən yol açıldı... Valideynlərim bizi oradan çıxardılar. Hamımızı yox. Bir yaşlı qardaşım orada vəfat etdi və bu, anam üçün həlledici oldu. Getmək. Bir daha geri qayıtmamaq. Amma bunların hamısı sonralar baş verdi... Hələlik isə hər yay bizi Bakıya, ulu nənəm Polinanın və nənəm Tayənin yanına gətirirdilər. Həyəti dumanlı xatırlayıram, deyəsən, Sabunçuda idi. Orada uşaqlarla qaçıb oynadığımı xatırlayıram... (Deyirlər, onlardan bəziləri hələ də orada yaşayır)”.

Rəqqas 37 ildir görmədiyi bacı və qardaşı ilə görüşəcəyini bildirib. O, həmçinin indiyədək heç vaxt görmədiyi bacı-qardaşının uşaqları ilə və vaxtilə həyətdə birlikdə oynadığı insanlarla da görüşməyi gözlədiyini vurğulayıb:

“Anam rusdur, onun tərəfdən qohumları Bakıda qalıblar”.

A.Aqamalyanın sözlərinə görə, beş il ərzində ona “Azerbaijan Dance Festival”a qatılmaq üçün dəvət göndərilib, lakin o, hər dəfə bundan imtina edib:

“Yarım il əvvəl dəvət yenidən gəldi və ilk dəfə “Düşünərəm”, – dedim. Altıncı sinfə qədər birlikdə oxuduğum sinif yoldaşlarımın fikrini soruşdum (biz hələ də yazışırıq). Bir neçə il əvvəl evlərini tərk edənlərin də... Hər kəs öz fikrini bildirdi. Hamısının ortaq olduğu yeganə məqam mənim üçün narahat olmaları idi (buna görə onları çox sevirəm...) və məndən nigaran qalmaları. Amma birdən anladım ki, istəyirəm. Daxilimdə ora gəlmək istəyinin olduğunu hiss etdim. Rəqs etmək istəyirəm”.

“Rəqs mənim mübarizə apara biləcəyim vasitədir. Qələbə qazana biləcəyim vasitədir. Həm də məğlub olmağa hazır olduğum vasitədir: incəsənət insanı ucaldanda onun hansı millətdən olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən onun qarşısında təslim oluram. Mənə elə gəlir ki, biz yalnız belə mübarizə aparmalıyıq – istedadımızla, bizə bəxş edilmiş qabiliyyətimizlə bir-birimizi fəth edərək”, – deyə ikiqat dünya çempionu fikirlərini davam etdirib.

Arsen Aqamalyan Qarabağ, öz şəhəri və yaşadığı yer haqqında düşüncələrinin dəyişməz qaldığını bildirib:

“Amma mübahisə etmək, razılığa gələ bilməmək, ünsiyyət qurmamaq, sonsuzadək nəyisə sübut etməyə çalışmaq dalana dirənməkdir (mən bunu necə etməyi bildiyimi və bütün cavablara sahib olduğumu demirəm...). Dəhşətli hadisələr başlayanda Bakıdan qohumlarım köçürdülər. Bəzi insanlar onları tutub məhv etməyə çalışanda, eyni millətdən olan başqa insanlar onları xilas edir, getmələrinə kömək edirdilər. Problem həmişə insanın özündədir: onun daxilində hansı hiss qalib gəlir – şər, yoxsa xeyir”.

Rəqqas özünü humanist ideyaların qəti tərəfdarı hesab etdiyini bildirib:

“Yəqin ki, insanların bir-birinin yanında yaşaya, ünsiyyət qura və bir-birini sevə biləcəyini düşünmək sadəlövhlükdür. Amma bütün ailəm, ailəmin tarixçəsi bunun nümunəsidir. Görək, necə olacaq... Mən anamın və atamın sevgisinin şəhərinə gedirəm. Onların həmişə gənc qaldığı, hər şeyin yenicə başladığı şəhərə. Mən doğulduğum şəhərə gedirəm”.

Arsen Aqamalyan, həmçinin paylaşımının sırf sülhsevər xarakter daşıdığını və bütün mənfi şərhləri sildiyini vurğulayıb:

“Ermənilərin və azərbaycanlıların daha böyük bir hissəsi dəstəkləyici şərhlər yazıb, mən isə mənfi şərhlərin az bir qismini sildim”.

Qeyd edək ki, regionun ən böyük rəqs layihələrindən biri olan “Azerbaijan Dance Festival 2026” 20-dən çox ölkədən 1000-dən artıq iştirakçını bir araya gətirəcək. Tədbir bu gün başlayır və noyabrın 1-dək davam edəcək.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər