Qurban Qurbanov: “Atletiko”ya qarşı istəkli və soyuqqanlı olmalıyıq”
“Çox güclü komandaya qarşı oynayacağıq. Rəqib bizə öz gücünü Bakıda göstərdi”.
1news.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nun qonağı olacaq.
Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Atletiko”nun istəkli baş məşqçisi var. Bizə həddindən artıq ağır olacaq. Buna baxmayaraq, sona kimi mübarizə aparacağıq, ən doğrusunu etməyə çalışacağıq. “Atletiko” haqda çox şey deməyə ehtiyac yoxdu. Bu oyun bizim üçün böyük təcrübədi”.
- Heyətdəki itkiləri necə kompensasiya edəcəksiz?
- Bəli, ciddi problemlərimiz var. İlk növbədə, düzgün oynamalıyıq. Hücum qurmağa cəhd etməliyik. Bunu bacarsaq, yaxşı nəticə ilə ayrıla bilərik.
- Pedro Enrike sabah meydana çıxacaqmı?
- Bu gün tam deyə bilmərəm. Sabah məlum olacaq. Həkimlərlə məsləhətləşdikdən sonra oynayıb-oynamayacağı müəyyənləşəcək.
- Sabahkı matçda “Atletiko”nu necə təəccübləndirə bilərik?
- Təəccübləndirmək demək düz çıxmaz. “Atletiko” heç bir oyuna istəksiz çıxmayıb, bütün matçlarda qalib gəlmək istəyib. Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan istifadə edə bilmədilər. Amma bu dəfə soyuqqanlı davranmalı olduqlarını deyiblər. Biz də soyuqqanlı şəkildə oynamalı, top itirməməyə çalışmalıyıq. Onlar nəyi düşünürlərsə, biz də cavab olaraq, istəkli və soyuqqanlı olmalıyıq. Görək, bu, nə dərəcədə alınacaq? İnanıram ki, futbolçular bunu bacaracaqlar.
- Qrupdakı ilk 3 turdan sonra “Atletiko”nun cəmi 2 xalının olacağını gözləyirdizmi?
- Rəqib bu mövsüm cəmi 1 oyunda uduzub. Bu, komandanın gücündən xəbər verir. Onların çox güclü qol vurmaq və qalib gəlmək istəyi var. Məncə, daha istəkli və aqressiv olacaqlar. Bizim üçün hansı sürprizi hazırlayıblarsa, bunu sabah meydanda görəcəyik. Futbolçularım həddindən artıq diqqətli olmalı, rəqibin düşüncəsini öncədən hiss etməlidir. Rəqibin xal azlığı onların bizə qarşı daha diqqətli oynamasına səbəb olacaq.
- Sabah yenə əzmkarlıq hesabına rəqibin texniki imkanlarına təsir etmək olarmı?
- Rəqibin ustalıq səviyyəsi, həqiqətən də, yuxarıdı. Bu gün “Atletiko” bizdən daha yuxarıdı. Biz bunu qəbul etməliyik. Sadəcə, əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bəzi komponentlərimizlə üstələməliyik. Bizim borcumuz rəqibə qarşı çəkinmədən oynamaqdı. Rəqibin gücünü də nəzərə alaraq, bəzi şeyləri qəbul etməliyik.
- Sabah Pedronu da saysaq, demək olar ki, hər mövqedə itkimiz var. Bu, komandada əlavə təzyiq yaratmır ki?
- Çox düzgün qeyd etdiniz ki, hər mövqedə itkimiz var. Mən bundan heç vaxt narahat olmamışam. Sadəcə, əlimizdəki materialdan daha az istifadə edə bilirik. Yetərincə təcrübəli oyunçularımız var. Üzərimə nə qədər məsuliyyət düşürsə, bir o qədər də futbolçuların üzərinə məsuliyyət düşür. Futbol kollektiv oyunudu. Heç kim kollektivdən kənara çıxmamalı, hər kəs nizam-intizamı qoruyub saxlamalıdı. Futbolçular kimə qarşı oynadıqlarını və səfərdə meydana çıxacağımızı başa düşürlər. İnanıram ki, meydana çıxan hər kəs özünü yaxşı tərəfdən göstərəcək və kollektivə daha faydalı olmağa çalışacaq.
- “Qarabağ”ın tərəfində olan nəsə varmı ki, sabahkı matç ərəfəsində nəsə ümid versin?
- Hamımız inanmalı, ümidli olmalıyıq. Bizi az tanımırsız. Həmişə çalışmışıq ki, nəticə üçün əlimizdən gələnin artığını edək. Bakıdakı görüşlə müqayisədə futbolçularım meydanda daha çox hərəkət etməli və məsuliyyətli olmalıdılar.
1news.az