Tramp Yaponiyanın baş naziri ilə qolf oynayıb
Noyabrın 5-d səhər ABŞ Prezidenti Donald Tramp Yaponiyaya üç günlük səfərə gəlib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfərin ilk günündə D.Tramp Baş nazir Ş.Abe ilə qolf oynayıb.
Əvvəlcə ABŞ Prezidneti Tokio yaxınlığında Prezident təyyarəsinin yendiyi Yokota hərbi bazasında hərbiçilər qarşısında çıxış edib. D.Tramp öz çıxışında ABŞ-Yaponiya alyansına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
Bundan sonra ABŞ Prezidenti ona məxsus “Marine One” helikopterinin göyərtəsində Tokionun yaxınlığında yerləşən Saytama şəhərindəki qolf meydançasına gəlib. Burada o, Ş.Abe və tanınmış yapon qolf ustası Hideki Matsuyama ilə qolf oynayıb.
Şərhçilərin bildirdiyinə görə, bu addım ümumi hobbiləri olan qolf vasitəsilə D.Trampın Ş.Abe ilə dostluq münasibətlərini daha da dərinləşdirmək niyyətini nümayiş etdirir.
Qeyd edək ki, Yaponiya D.Trampın Asiyanın beş ölkəsinə səfəri çərçivəsində ziyarət etdiyi ilk ölkədir.
Noyabrın 6-da ABŞ Prezidentinin rəsmi danışıqlara başlayaraq Yaponiyanın imperatoru ilə görüşəcəyi, Baş nazir Şinzo Abe ilə ikitərəfli müzakirələr aparacağı, Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşlarını qəbul edəcəyi və Baş nazir ilə birlikdə mətbuat konfransı keçirəcəyi gözlənilir.
S.Xankişiyeva