Prezident İlham Əliyev “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
1news.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd olundu ki, son illərdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə Abşeron rayonu üzrə ümumi dəyəri 360 milyon manat olan 602 investisiya layihəsinin maliyyələşdirilməsinə 200 milyon manat güzəştli kredit verilib. Maliyyələşdirilmiş layihələr hesabına 8700 yeni iş yeri açılıb.
Bildirildi ki, “Zəhmət-Ruzi” MMC-nin dəyəri 42 milyon manat olan logistika mərkəzi, ət kəsimi, ət və süd emalı fabrikindən ibarət aqrar-sənaye kompleksinin ərsəyə gəlməsinə Sahibkarlığa Kömək Milli Fondunun xəttilə 8,3 milyon manat güzəştli kredit ayrılıb. Götürülən kredit artıq tam qaytarılıb.
Prezident İlham Əliyev müəssisə tərəfindən istehsal edilən və “SAB” -“Made in Azerbaijan” brendi altında bazara çıxarılan ət və süd məhsullarının istehsalı prosesi ilə tanış oldu, hazır məhsullara baxdı.
Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.
1news.az