“Şençen masası”: hamının qalib olduğu sammit və Azərbaycan Şərqi və Cənubi Asiyada | 1news.az | Xəbərlər
Siyasət

“Şençen masası”: hamının qalib olduğu sammit və Azərbaycan Şərqi və Cənubi Asiyada

1news Redaksiyası13:42 - Bu gün
“Şençen masası”: hamının qalib olduğu sammit və Azərbaycan Şərqi və Cənubi Asiyada

Prezident İlham Əliyev münaqişələri də, diplomatik anlaşmaları da Azərbaycanın xeyrinə yönləndirə bilir, Çindən sonra ASEAN-ın da Orta Dəhlizə cəlb edilməsi üçün diplomatik səyləri davam etdirir

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

Əsas tezislər:

-      “Şençen masası”nın əsas mövzusu nüvə arsenalının artmasının qarşısını almaq, əsas iştirakçıları isə ən çox nüvə başlıqlarına malik olan 3 dövlətlərdir;

-      Şençen sammitinin əsas mövzusu olan nüvə məsələsində Rusiya və ABŞ bir-birinə daha yaxın görünürdülər;

-      “Şençen masası”nda BMT-də islahatlar mövzusunun da müzakirəyə çıxarılması APEC-in üzvü olan dövlətlərdən məhz ABŞ, Çin və Rusiyanın  BMT-nin TŞ-nın üzvləri olmasıdır;

-      Şençendə dünya məsələləri deyil, ABŞ, Çin və Rusiyanın ortaq məsələləri müzakirə olunub;

-      Ukrayna, İran, Hörmüz boğazı, Venesuela və s. məsələlərin “Şençen masası”nda müzakirə olunmaması onun “dünyanı müzakirə” masası olmadığının təzahürüdür.

Şençendə “win-win” masası

Rusiya diplomatik təcriddən çıxmağı və Amerikanın yeni cərimələrinin qarşısın almağı, ABŞ üçtərəfli nüvə anlaşmasına nail olmağı, Çin isə iqtisadiyyatını himayə etməyi, ticarətini qorumağı, Tayvan ətrafında hər hansı bir hərəkətliliyi dayanadırmağı hədəfləyirdi. Hamı istədiyinə nail oldu

Üç dövlət başçısının Şençen sammitini istənilən halda dünya, xüsusilə də Avrasiya üçün uğurlu saymaq olar. Nəticəsindən asılı olmayaraq danışıqlar həmişə müharibədən yaxşıdır. Şençen danışıqlarında isə heç də həmişə müşahidə olunmayan, hər 3 ölkənin maraqlarına cavab verən, onu qalib edən məqamlar var. Yəni, əsl “win-win” masası. Rusiya da, Çin də, ABŞ də bu masadan öz dividendlərini götürdülər. Dünyanın, o cümlədən Azərbaycanın qazandığı isə “risklərin idarə olunması”na dair bir formatın baş tutmasıdır. Tərəflərin müzakirə olunan mövzular, xüsusilə də nüvə məsələsi üzrə dialoqu davam etdirməyə dair bəyantları göstərir ki, format davamlı ola və institutlaşa bilər.

Rusiyanın dividendləri

Bu formatda müzakirələrdən Rusiyanın əldə etdiyi dividendlər onun beynəlxalq manevr imkanlarını genişləndirir.

Əvvəla, əsas mövzusu nüvə təhlükəsizliyi olmuş “Şençen masası”nda iştirak Rusiyaya Asiya–Sakit okean hövzəsindəki 3 qlobal oyunçudan biri statusunu qazandırır. “Şençen masası”nın təşəbbüskarının Rusiya olduğunu nəzərə alsaq bu hər iki tərəf – ABŞ və Çin üçün Rusiyaya nə qədər önəm verdiklərinin şahidi olarıq. Moskva dünyada iki super nüvə dövlətindən biri olması faktını diplomatik situasiyanın dəyişdirmək üçün uğurla istifadə etdi. Beləki, ABŞ və Çinin, Çin ilə Rusiyanın, ABŞ ilə Rusiyanın birbaşa, ikitərəfli dialoq formatları var və ünsiyyətdə çətinlik çəkmirlər.

Odur ki, üç ölkənin bir masa ətrafında görüşünü mümkün edən yeganə məsələ hər üçünün aparıcı nüvə dövləti olması və nüvə silahı ilə bağlı mövzudur.

Hər işdə olduğu kimi məsələnin tarixi vəziyyəti daha yaxşı anlamağa kömək edir. Beləki:

Çin 2019-2020-ci illərdən etibarən (ABŞ-nin "New START" müqaviləsinin uzadılması ilə bağlı şərtlər irəli sürdüyü dövrdən) ABŞ və Rusiya ilə üçtərəfli nüvə silahlarına nəzarət danışıqlarına qoşulmaqdan ardıcıl şəkildə imtina edirdi. 2019–2020-ci illərdə Donald Trampın ilk prezidentliyi dövründə Vaşinqton Rusiya ilə ikitərəfli nüvə müqaviləsini yeniləmək əvəzinə Çinin də daxil olduğu üçtərəfli saziş təklif etdi. Pekin isə 2020-ci ilin iyul-avqust aylarında bu dəvətlərdən imtina etdi.

İkinci cəhd 2025-ci ilin avqustunda, daha sonra isə 2026-cı ilin fevralında ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarətə dair sonuncu sazişi olan "New Start" müqaviləsi bitdikdən sonra Pekin nüvə qüvvələrinin miqyası fərqli olduğu üçün tərksilah danışıqlarında yer almayacağını bir daha bəyan etdi.

Pekin bütün bu dövr ərzində imtinasını arsenallar arasındakı kəskin fərqlə izah edir. Çinin rəsmi mövqeyinə görə, nüvə başlıqlarının sayına görə ABŞ və Rusiya (dünyadakı nüvə silahlarının təxminən 90%-nə sahibdirlər) ilə eyni səviyyədə deyil. Bu səbəbdən Pekin nüvə tərksilahı üzrə əsas məsuliyyətin məhz Vaşinqton və Moskvanın üzərinə düşdüyünü bildirir.

19 noyabr 2026-cı ildə isə Rusiyanın təşəbbüsü ilə Şençjendə keçirilən APEC sammiti çərçivəsində Çin Sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında tarixdə ilk üçtərəfli liderlər görüşü baş tutub. Bu görüşdə tərəflər arsenalın məhdudlaşdırılması üzrə konkret müqavilə imzalamasalar da, nüvə risklərinin azaldılması və silahların yayılmamasının qarşısının alınması istiqamətində dialoq aparmaq barədə birgə bəyanat qəbul etdilər.

Rusiya ilə ən uzun quru sərhəddinə malik olan Çinin nüvə silahları üzərində üçtərəfli nəzarət mexanizminə cəlb edilməsi Rusiyanın, qlobal miqyasda ABŞ-nin hərtərəfli rəqibi kimi isə Çinin nüvə arsenalının böyüməsinin qarşısının alınması Vaşinqtonun strateji uğuru sayıla bilər. Yəni, “Şençen masası”nın nüvə silahı ilə bağlı əsas nəticəsi Moskva ilə Vaşinqtonun birgə uğurudur.

Moskva–Vaşinqton yaxınlaşmasında praktik addım

ABŞ-yə dizel satışından sonra Çini nüvə silahına dair məsələnin əsas mövzu olduğu üçtərəfli masaya cəlb etməklə Moskva–Vaşinqton yaxınlaşmasında praktik addım atıldı. Rusiya bundan beynəlxalq təcridi yarmaq üçün istifadə edir. Yaponiyanın Baş naziri ilə ikitərəfli danışıqlar buna misal göstərilə bilər.  Rusiya ABŞ və Çin arasında manevr imkanını genişləndirməklə prioritetlərə əsasən gah ABŞ, gah da Çin ilə yaxınlaşaraq öz maraqlarını addım-addım irəliyə aparmaq üçün şərtlər formalaşdırır.

Yeganə məqam odur ki, “Şençen masası”nda Rusiyanın Çin ilə müqayisədə ABŞ-yə daha yaxın mövqedən çıxış etdiyi təəssüratı yarandı.

Çinin dividendləri

Çin qlobal vasitəçi rolunda çıxış etməklə özünün yeni qlobal rolunu təsdiq etmiş oldu. İkincisi, ABŞ-nin ən çox can atdığı nüvə silahı ilə bağlı mövzunu müzakirə etməkdən qaçmadığını nümayiş etdirdi, eyni zamanda bununla bağlı hər hansı konkret öhdəlik də götürmədi. Üçüncüsü, Çin özü üçün çox mühüm olan ABŞ ilə “tarif müharibəsində fasilə”nin müddətinin uzanmasına nail oldu, strateji vaxt qazandı. Dördüncüsü, Çin ABŞ ilə münasibətlərdəki iqtisadi gərginliklərin nəzarətdən çıxmaması, “risklərin idarə olunması” üçün yeni formatın yaranmasına nail oldu. Beşincisi, Tayvan ətrafında arzuolunmaz hərəkətliliyi dayandırmağa nail oldu. ABŞ ilə hərbi toqquşma da daxil olmaqla istənilən gərginlikdən qaçmaq, böhranları idarə etmək qabiliyyətini nümayiş etdirmək Çin iqtisadiyyatı və investorları üçün çox vacibdir. Pekin hətta son ikitərəfli sammit zamanı ABŞ ilə ticarət balansındakı fərqin Amerikanın xeyrinə azaldılmasına da razılıq vermişdi ki, gərginliyi azaltmaq, tarif savaşlarındakı fasilənin müddətini uzatmaq mümkün olsun.

ABŞ-nin dividendləri

Artıq yuxarıda qeyd etdik ki, “Şençen masası”nda Rusiya ABŞ-yə Çindən daha yaxın mövqedə qərar tutmuşdu. Üçtərəfli masanın təşkili, müzakirə olunan mövzular və yekun bəyanata əsasən ABŞ və Rusiyanın eyni mövqedə olduğu göründü. Yəni, üştərəfli masanın əsas məsələləri ətrafında nisbətin 2-nin 1-ə olduğu, yaxud 2+1 formatında baş tutduğu sezilirdi.

Əsas müzakirə mövzusunun nüvə silahının azaldılması və Çinin nüvə silahları üzərində nəzarət rejiminə cəlb edilməsi məsələsinin olduğu masanın təşəbbüskarı Rusiya olub. ABŞ uzun illər bu məsələnin belə bir formatda müzakirəsinə çalışsa da Çinin etiraz etməsi səbəbindən buna nail ola bilmirdi. İndi Rusiyanın təşəbbüsü ilə ABŞ Çini bu masaya cəlb edə bildi. Çinin nüvə arsenalının ümumi nızarət rejiminə cəlb edilməsi Rusiyanın da strateji maraqlarına uyğundur. Nəticədə, belə görünür ki, Vaşinqton və Moskva Çinin nüvə arsenalına münasibətdə ortaq mövqedən çıxış ediblər. Bu Vaşinqtonla Moskvanın ortaq maraq nöqtələri tapdıqlarını və bu uzlaşan məqamlardan istifadə etməyə çalışdıqlarını göstərir.

Ukraynada nüvə silahının istifadəsini əngəlləmə və Çinin nüvə arsenalını nəzarət altına almağa yönəlmiş bəyanat

Yekun sənəddə "Nüvə müharibəsində qalib ola bilməz və bu müharibə heç vaxt başlamamalıdır" prinsipinin bir daha təsdiqlənməsi,  tərəflərin nüvə risklərini azaltmaq və silahların yayılmasının qarşısını almaq üçün dialoq aparacaqlarını bəyan etmələri ABŞ-nin strateji və taktiki maraqlarına tam cavab verir. Bununla ABŞ Çinin nüvə silahı arsenalını inkişaf etdirməsinin qarşısını almaq üçün zəmin yaradır, o biri tərəfdən də Ukrayna savaşı gedişində taktiki nüvə silahından istifadəyə dair vaxaşırı aktuallaşan ritorikanın gündəlikdən çıxmasını rəsmiləşdirir.

Yəni, bu müddəa Çinin nüvə arsenalını artıraraq Rusiya və ABŞ ilə paritet yaratması qarşısında bir əngəl ola bilər. Halbuki, bu sənəd Çin üzərinə nüvə arsenalını azaltmaq üçün konkret tarix və say məhdudiyyətinə dair tələb qoymur.

Ukrayna məsələsi ikitərəfli ABŞ-Rusiya mövzusu olaraq qalır

Bundan əlavə, Ukrayna məsələsinin ikitərəfli Putin-Tramp görüşündə müzakirə olunması, amma üçtərəfli müzakirəyə çıxarılmaması və yekun sənəddə bu məsələyə dair heç bir qeydin olmaması da ABŞ ilə Ruisyanın eyni mövqedən çıxış etməsinə, Ukrayna məsələsinin Moskva və Vaşinqtonun ikitərəfli müzakirəsinin mövzusu olmasına dəlalət edir.

Vaşinqton İran siyasətini öz inhisarında saxlayır

İran məsələsinin də üçtərəfli masada olmaması ABŞ diplomatiyasının növbəti qələbəsidir. Yəni, ABŞ bu məsələni heç kimlə müzakirə etmir və mövqeyini razılaşdırmır. Odur ki, İran müharibəsi və Hörmüz boğazındakı blokada məsələsi də yekun birgə bəyannamədən tamamilə çıxarılıb.

Yekun bəyannamədə İranın adı çəkilmədən sadəcə “neft məhsullarının hasilatının və tədarükünün artırılması” bəndi yer alıb. Bu o deməkdir ki, ABŞ İranın təhlükəsizliyi məsələsini müzakirə etmədən, qlobal enerji bazarının sabitliyi haqda Pekinlə texniki uzlaşmaya gedə bilər. Belə görünür ki, bu müddəada söhbət Körfəzin başqa ölkələrinin, o cümlədən Səudiyyə neftinin dünya bazarına çıxarılması qarşısında maneələrin aradan qaldırılmasına dair razılığa gəlinməsindən gedir. Bunu da ABŞ-ın tam uğuru, Çinin isə enerji təminatını yaxşılaşdırmaq istiqamətində daha bir müsbət addımı kimi dəyərləndirmək olar.

Azərbaycanın dividendləri

Uzun illər ərzində aparılmız xarici siyasətin başa prinsipləri 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi şərtlərlə təkmilləşdirlilərək 1) daha sürətli, 2) təsir dairəsi daha geniş, 3) manevr imkanları daha çevik, 4) müqavimət qabiliyyəti artmaqla daha dayanıqlı hala gəlib.

Son 6 ildə 1) 44 günlük müharibə və müharibədən sonra sülh danışıqları prosesi (Qərb və Rusiya platformalarının toqquşması, regiona kənar təzyiqlər (Aİ missiyası, sanksiya hədələri, ikili standartlar) və informasiya müharibəsi, hərbi qələbədən sonra diplomatik müstəvidə suverenliyin tam bərpası (2023-cü il antiterror tədbirləri) və xarici təzyiqlərin neytrallaşdırılması baxımından ayrıca siyasi böhran mərhələsi idi), 2) Covid-19 pandemiya böhranı, 3) qlobal inflyasiya və enerji-ərzaq böhranı, 4) Rusiya-Ukrayna müharibəsi, 5) o cümlədən Qərb-Rusiya qarşıdurması, 6) İran-İsrail-ABŞ müharibəsi, 7) ABŞ-Çin iqtisadi-siyasi qarşıdurması və 8) Qırmızı dəniz və Süveyş kanalında logistika böhranı kimi ən azı 8 kəskin böhran vəziyyətindən uğurla çıxaraq, dayanıqlığını və mütəhərrikliyini real qaynar situasiyalarda sübut edib. Həm də təkcə böhranlardan çıxmaqla kifayətlənməyib, onları öz xeyrinə istifadə edərək, böhrandan əvvəlki vəziyyətinini daha da yaxşılaşdırmağa nail olub.

Avrasiyada sabitliyə xidmət edən istənilən diplomatik aksiya, mövcud vəziyyət ətrafında tarazlığın qorunması Azərbaycanın xeyrinədir.

Azərbaycanın 3 strateji tərəfdaşı və qonşusunun Avrasiyada “risklərin idarə olunması”na dair razılığa gəlmələri və böhrandan qaçmağa çalışmaları strateji maraqlarımıza uyğundur.

Azərbaycanın apardığı çevik xarici siyasət nəticəsində formalaşmış status-kvo bizim üçün həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm strateji dividendlər yaradır.

Beləki, mövcud qlobal konyunkturada Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Qərb bazarları üçün ən etibarlı təchizat xətti olaraq qalır.

Bundan əlavə, mövcud şərtlərin saxlanması neft qiymətlərinin yüksək qalmasına səbəb olur ki, bu da Azərbaycanın tədiyə balansına, Dövlət Neft Fondunun gəlirlərinə və strateji valyuta ehtiyatlarının artmasına imkan verir.

Mövcud status-kvo Orta Dəhlizi əvəzolunmaz tranzit qovşağına çevrib,  qlobal ticarət axınlarını Cənubi Qafqaza yönəldir.

İki qlobal güc mərkəzi-Vaşinqton və Pekin ilə qurulmuş strateji tərəfdaşlıq münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiyanı ABŞ və Çin üçün vazkeçilməz regionlara çevirib. ABŞ üçün Mərkəzi Asiyanın enerji və nadir torpaq elementlərinə çıxış, Çin üçün isə Avropa bazarlarına təhlükəsiz yük daşımalarında Azərbaycanın tranzit infrastrukturu əvəzolunmazdır.

Aparılmış siyasətın dəyişməyən prinsipləri və tez-tez dəyişən şərtlərə verilən çevik reaksiyalarla takitiki gedişlər Azərbaycanı bütün böhranlara – hərbi, siyasi və iqtisadi böhranlara birbaşa cəlb olunmuş dövlətlər, bütün güc mərkəzləri üçün ölkəmizi kritik vacib tərəfdaşa çevirib.  Bu da regional təhlükəsizlik şərtlərini yaxşılaşdırır və xarici təzyiqlərin azalmasına səbəb olur.

Prezident İlham Əliyevin Vyetnam səfəri və Orta dəhliz

Prezident İlham Əliyev Avrasiyada yaranmış yeni geoiqtisadi situasiyaya çevik reaksiyalar silsiləsindən olan diplomatik addımları davam etdirir. Çin dəmiryollarına bağlantısı olan Laosla səmərəli danışıqlardan sonra Laosla birlikdə Tailand və Malayziyanın da Orta Dəhlizə cəlb olunma potensialı yarandı. İndi isə Çin dəmiryollarına çıxışı olan Vyetnamın daha sonra Qazaxıstan və Azərbaycan vasitəsilə Türkiyədən keçərək Avropaya çıxışı mümkün olacaq.

Nəticədə, Azərbycanın apardığı siyasət ASEAN ölkələrini Avropa ölkələri ilə bütövlükdə Cənubi Qafqaz vasitəsilə birləşdirməyi nəzərdə tutur. Bu siyasət ölkəmizin ASEAN və Avropa üçün əvəzolunmaz  tərəfdaş statusunu daha da genişləndirir, Avrasiya üçün açar ölkə əhəmiyyətini artırır, ölkənin dəhlizdən əldə edəcəyi iqtisadi dividendlərin miqyasını böyüdür.

 

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər