Xırdalanda çoxmənzilli binalar əsaslı təmir olunacaq
Prezident İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Abşeron rayonunda bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Uşaq-Gənclər Şahmat Məktəbi, Xırdalan şəhər Uşaq Musiqi Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binası inşa edilib, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil ocaqları və digər obyektlər istifadəyə verilib, iri sənaye və emal müəssisələri yaradılıb, 37 mindən çox iş yeri açılıb, rayonun bütün yaşayış məntəqələrini əhatə edən 7 avtomobil yolu yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda deyilir ki, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
1news.az